"Əl-Hilal" Bruno Fernandeş üçün 55 milyon avro təklif edəcək
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu qış transfer pəncərəsində İngiltərənin “Mançester Yunayted” komandasının kapitanı Bruno Fernandeşi heyətinə qatmaq istəyir.
Operativ Media “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə təmsilçisi yanvar ayında portuqaliyalı yarımmüdafiəçi üçün 55 milyon avro (45 milyon funt sterlinq) məbləğində təklif hazırlayır.
Fernandeşin “Mançester Yunayted”lə yeni müqavilə imzalaması ilə bağlı danışıqlar hələlik nəticəsiz qalıb. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatacaq.
“Əl-Hilal” ötən il də portuqaliyalı futbolçunu transfer etməyə çalışsa da, Fernandeş təklifi qəbul etməyib. O, karyerasını ən yüksək səviyyədə davam etdirmək istədiyini əsas gətirərək Səudiyyə klubunun təklifindən imtina edib. Daha sonra futbolçu “Mançester Yunayted”in onun ayrılmasına mane olmayacağını düşündüyünü etiraf edərək bu vəziyyətin onu məyus etdiyini bildirib.
Fernandeşin vəziyyətini İtaliyanın “Milan” klubu da izləyir. Yarımmüdafiəçi son vaxtlar baş məşqçi Maykl Kerriklə gələcəyi barədə açıq müzakirələr aparıb.
32 yaşlı futbolçu hazırda “Mançester Yunayted”in əsas oyunçularından biridir. Bununla belə, klubun nəticələri və onun gələcəyi ilə bağlı qeyri-müəyyənlik qış transfer pəncərəsində mümkün ayrılıq ehtimalını gündəmə gətirib.
Hələlik “Əl-Hilal” və ya başqa bir klub tərəfindən rəsmi təklif irəli sürülməyib. Fernandeşin müqaviləsinin müddəti azaldıqca onun transferi ilə bağlı xəbərlər də artır.