Menyu

Zamin duran şəxs kredit alarkən hansı məhdudiyyətlərlə üzləşə bilər?

Ayşən Sadıxzadə
Zamin duran şəxs kredit alarkən hansı məhdudiyyətlərlə üzləşə bilər?
1 dəq oxu

Kredit götürərkən banklar və digər maliyyə qurumları vətəndaşın yalnız gəlirlərini və mövcud borclarını deyil, eyni zamanda zaminlik öhdəliklərini də nəzərə alır. Belə ki, başqa bir şəxsin krediti üçün zamin duran vətəndaşın üzərinə də müəyyən maliyyə məsuliyyəti düşür. Bu isə onun gələcəkdə öz adına kredit götürmək imkanlarına təsir göstərə, hətta müraciət etdiyi məbləğin azaldılmasına və ya kreditdən imtina edilməsinə səbəb ola bilər. Bəs zamin duran şəxs özü kredit almaq istəyərkən hansı məhdudiyyətlərlə üzləşə bilər?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Operativ Media-ya bu barədə danışıb. 

Onun sözlərinə görə, burada əsas məqam ondan ibarətdir ki, zamin də borclu hesab olunur. Hər birimizin kredit bürosunda kredit tarixçəsi var və zaminlik öhdəliyi də borc kimi həmin tarixçədə qeyd olunur. Çünki bu, şəxsin üzərinə götürdüyü maliyyə öhdəliyidir. Sabah əsas borcalan kredit öhdəliyini yerinə yetirmədikdə, borcun ödənilməsi üçün zaminə müraciət olunur:

“Bu səbəbdən zamin gələcəkdə özü kredit götürmək istədikdə, onun üzərinə götürdüyü zaminlik öhdəliyi də borc kimi nəzərə alınır. Əgər şəxsin gəliri kifayət qədər deyilsə, bank, bank olmayan kredit təşkilatı və ya hər hansı ticarət şəbəkəsi ona kredit verməkdən imtina edə bilər. Hətta kredit ayrılmasına razılıq verilsə belə, istədiyi məbləğdən daha az vəsait təklif oluna bilər. Çünki kredit verən qurum şəxsin əlavə zaminlik öhdəliyinin olduğunu nəzərə alaraq onun mövcud borclanma yükünü yüksək qiymətləndirə bilər.

Ona görə də zamin duran şəxs yalnız əsas borcalanın gələcəkdə krediti qaytarmaması və borcun öz üzərinə düşməsi ehtimalını deyil, həm də zaminlik öhdəliyi qüvvədə olduğu müddətdə özünün kredit əldə etmək imkanlarının məhdudlaşa biləcəyini nəzərə almalıdır”.

Əlaqəli Xəbərlər