Soyuq havalarda oynaq və əzələ ağrıları niyə artır?
Havalar soyuduqca bir çox insanda diz, bel, boyun və çiyin nahiyəsində ağrılar, əzələ gərginliyi və oynaq sərtliyi daha çox hiss olunur. Bunun əsas səbəblərindən biri soyuğun əzələlərdə qoruyucu gərginliyi artırması, damarların daralması və hərəkət rahatlığının azalmasıdır.
Bu sözləri Operativ Media-ya fizioterapevt Əziz Dərvişov deyib.
O bildirib ki, hava təzyiqindəki dəyişikliklər də xüsusilə osteoartrit və xroniki oynaq ağrısı olan insanlarda simptomların qabarıq hiss edilməsinə təsir göstərə bilər:
“Revmatik xəstəliklər zamanı bu şikayətlər daha nəzərəçarpan ola bilər. Lakin soyuq hava xəstəliyin mütləq kəskinləşməsi demək deyil. Digər tərəfdən, qış aylarında fiziki aktivliyin azalması, uzun müddət hərəkətsiz qalmaq və əzələlərin zəifləməsi də ağrıların artmasına şərait yaradır.
Fizioterapevt olaraq tövsiyəm odur ki, soyuq havalarda hərəkətdən qaçmayın. Yüngül gəzinti, düzgün isinmə, əzələ gücləndirici hərəkətlər və oynaqların hərəkətliliyini qoruyan məşqlər gündəlik aktivliyin bir hissəsi olmalıdır. Əsas məsələ fiziki yükün insanın sağlamlıq vəziyyətinə uyğun seçilməsidir.
Unutmayın, ağrıyan oynağı hərəkətsiz saxlamaq hər zaman qorumaq demək deyil. Düzgün hərəkət oynaqların funksiyasını qorumağın və həyat keyfiyyətini artırmağın əsas şərtlərindən biridir”.