Menyu

ADY yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

Operativ Media
ADY yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb
3 dəq oxu

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi ilə ölkənin yükdaşımalarında mühüm paya malik olan və qurumla intensiv əməkdaşlıq edən şirkətlərin nümayəndələri arasında görüş keçirilib.

QSC-dən Operativ Media-ya bildirilib ki, görüşün məqsədi ADY-nin yükdaşıma sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi nəticələr və qarşıdakı dövr üçün planları barədə biznes tərəfdaşlarını məlumatlandırmaq, onların təklif və gözləntilərini dinləmək, əməkdaşlığın inkişafı istiqamətində birgə yanaşmaları müəyyənləşdirmək olub.

ADY sədrinin sözlərinə görə, yükgöndərənlər ölkə iqtisadiyyatının, eləcə də nəqliyyat-logistika sektorunun inkişafında mühüm rol oynayırlar. Bu baxımdan müştəriyönümlülük, açıqlıq və şəffaflıq qurumun fəaliyyətində əsas prinsiplər kimi müəyyən edilib. Bildirilib ki, indiyədək yük sahibləri ilə ayrı-ayrılıqda görüşlər keçirilsə də, daşıma həcmlərinə görə əsas yükgöndərənlərlə bu format ilk dəfədir. Bu təşəbbüs ADY-nin müştəriləri üçün açıq və əlçatan olmasının, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına verdiyi önəmin göstəricisidir.

Görüşdə ADY-nin yükdaşıma infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr və sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması başa çatıb. Növbəti mərhələdə xəttin dəyişən cərəyan sisteminə keçirilməsi üzrə işlərə başlanılacaq. Astara Terminalında tikinti işləri tamamlanıb. Bununla yanaşı, Bakı-Böyük Kəsik xəttində enerji təchizatı, rabitə və işarəvermə sistemlərinin yenilənməsi, Ələt-Osmanlı-Astara xəttinin əsaslı təmiri davam etdirilir.

Bildirilib ki, artıq Osmanlı-Astara xəttində qatarların hərəkət sürəti artırılıb. Bu, xəttin buraxıcılıq imkanlarının genişləndirilməsinə və daha çox yükün daşınmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi nəticəsində isə onun illik buraxıcılıq qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Hərəkət tərkibinin yenilənməsi, lokomotiv və vaqon parkının genişləndirilməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Məlumat verilib ki, 2025-ci ildə 300 yeni yük vaqonu alınıb. 2026-cı ilin sentyabrında Çindən 7 ədəd müasir AC50 markalı magistral yük lokomotivi Azərbaycana gətirilib. Daha 14 lokomotivin alınması ilə bağlı danışıqlar aparılır. Gələn il əlavə 250 vaqonun alınması istiqamətində də işlər davam etdirilir. Bu tədbirlər dəmir yolu şəbəkəsinin daşıma imkanlarının artırılmasına, xidmətlərin keyfiyyətinin və etibarlılığının yüksəldilməsinə xidmət edir.

Tədbirdə yükdaşıma sahəsində institusional və rəqəmsal transformasiya tədbirləri də müzakirə olunub. Bildirilib ki, “ADY Express” modeli çərçivəsində dəmir yolu, liman və dəniz nəqliyyatı xidmətlərinin vahid pəncərə prinsipi əsasında təqdim edilməsi nəzərdə tutulur. “Bir müqavilə, bir menecer və bir hesab” yanaşması müştərilərin müxtəlif xidmətlərdən daha rahat və operativ istifadəsinə, daşınma proseslərinin vahid qaydada əlaqələndirilməsinə imkan yaradacaq. Eyni zamanda, yükdaşımaların rəqəmsallaşdırılması, elektron qaimələrin tərtibi, daşımaların izlənilməsi və tariflərin avtomatik hesablanması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, müştərilərə xidmətlərin əlçatanlığını artırmaq məqsədilə yaradılan “portal.ady.az” platforması üzərindən hazırda 11 elektron xidmət təqdim edilir. Növbəti mərhələdə müştəri kabinetinin funksionallığının genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu üzrə həyata keçirilən konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün ADY tərəfindən “Cargo Tracking” (cargo-tracking.ady.az) platforması istifadəyə verilib. Yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır. Görüşdə tarif siyasəti, güzəşt mexanizmləri və yükdaşımaların iqtisadi səmərəliliyinin artırılması məsələləri də diqqət mərkəzində olub. Bildirilib ki, müştərilərə tarif güzəştləri tətbiq edilərkən yük həcmlərinin artırılması, zəmanətli daşınma həcmi, yeni yük axınlarının cəlb edilməsi, alternativ marşrutların rəqabət qabiliyyəti və digər iqtisadi amillər nəzərə alınır.

Tədbirin interaktiv müzakirə hissəsində yükgöndərənlərin təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə vaqon və platforma təminatı, yüklərin təyinat məntəqələrinə çatdırılma müddətləri, stansiyalarda əməliyyatların təşkili, tarif və yığımların tətbiqi ilə bağlı suallar cavablandırılıb.

Görüşün sonunda tərəfdaşlarla birbaşa və açıq dialoqun ADY üçün prioritet olduğu vurğulanıb. Bu cür görüş və müzakirələrin mütəmadi təşkil ediləcəyi, digər yükgöndərənlərlə də əməkdaşlıq məsələlərinin müzakirəsi üçün görüşlərin keçiriləcəyi bildirilib.

Fotogalereya

Əlaqəli Xəbərlər