Danimarka XİN rəhbəri Trampın Qrenlandiya ilə bağlı açıqlamasına münasibət bildirib
Danimarkanın xarici işlər naziri Lars Löke Rasmussen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı açıqlamasını respublikaçıların aralıq seçkilərdə qələbəsini təmin etməyə yönəlmiş addım kimi qiymətləndirib.
Operativ Media xəbər verir ki, Rasmussen bu fikirləri ABŞ-də səfərdə olarkən səsləndirib. Onun sözlərinə görə, Trampın seçki mitinqlərindəki çıxışları aralıq seçkilər və prezidentin ünsiyyət tərzi kontekstində nəzərdən keçirilməlidir. Nazir bunu Trampın öz tərəfdarlarına ünvanladığı mesaj kimi dəyərləndirib.
Qeyd edək ki, ABŞ, Danimarka və Qrenlandiya arasında müdafiə sazişi sentyabrın 22-də Nyu-Yorkda imzalanıb. Sənədin çərşənbə axşamı Qrenlandiya parlamentində müzakirə edilərək ratifikasiya olunacağı gözlənilir. Danimarka parlamentinin isə noyabrın 19-da sazişlə bağlı mövqeyini açıqlaması nəzərdə tutulur.
1951-ci il müqaviləsinin yenilənmiş versiyası olan sənəddə ABŞ-ın Qrenlandiyanın Narssarsuaq və Mestersviq ərazilərində hərbi bazalar yerləşdirməsi imkanları müəyyənləşdirilib. Rasmussen bildirib ki, ABŞ tərəfi bununla bağlı konkret planlarını hələ açıqlamayıb.
Xatırladaq ki, oktyabrın sonunda Donald Tramp Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışında Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-ın nəzarətinə verməyə razılaşdığını iddia etmişdi.