Deputat: Azərbaycanın suverenliyinin bərpası beynəlxalq hüququn təmin edilməsidir
“8 Noyabr Azərbaycan tarixində yalnız hərbi Qələbənin əldə edildiyi gün deyil, həm də uzun illər ərzində pozulmuş ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Əminə Ağazadə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn prinsiplərinin, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmaması problemi ilə üzləşib. Onun sözlərinə görə, ölkənin haqlı mövqeyi beynəlxalq sənədlərdə əksini tapsa da, həmin sənədlərin icrası təmin edilmirdi.
Əminə Ağazadə qeyd edib ki, hüququn mövcudluğu ilə onun real həyatda təmin edilməsi eyni anlayış deyil. 2020-ci ildə əldə edilən Qələbə bu vəziyyəti dəyişib, 2023-cü ildə isə Azərbaycan bütün ərazisində suverenliyini tam təmin edib.
Deputat vurğulayıb ki, Azərbaycanın öz suveren hüquqlarını həyata keçirməsi başqa dövlətin hüquqlarının pozulması deyil, ölkənin öz ərazisi üzərində qanuni hakimiyyətinin bərpasıdır.
O bildirib ki, Zəfərin əhəmiyyəti yalnız keçmişdə baş verənlərlə məhdudlaşmır. Bu gün əsas vəzifələrdən biri əldə edilmiş nəticələri hüquqi, siyasi və iqtisadi baxımdan davamlı etməkdir. İşğaldan azad edilmiş ərazilərdə insanların doğma evlərinə qayıtması, mülkiyyət hüquqlarının bərpası və təhlükəsiz yaşayış şəraitinin yaradılması Zəfərin gündəlik həyatda ifadəsidir.
Əminə Ağazadə sülhün əhəmiyyətinə də toxunaraq bildirib ki, qalib dövlət olaraq Azərbaycanın davamlı və hüquqi təminatlara əsaslanan sülhdə maraqlı olması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sülh keçmişdə baş verənlərin unudulması deyil, həmin hadisələrin təkrarlanmaması üçün etibarlı hüquqi və siyasi təminatların yaradılmasıdır.
Deputat çıxışında Vətən müharibəsində canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib. O, tarixi Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsini, qətiyyətli rəhbərliyini və strateji qərarlarını xüsusi qeyd edib.
Əminə Ağazadə əlavə edib ki, əsas vəzifə Zəfərin nəticələrini qorumaq, şəhidlərin uğrunda canlarından keçdikləri torpaqlarda təhlükəsiz və layiqli həyatı təmin etmək, ədalətli və güclü dövlət quruculuğunu davam etdirməkdir.