Hindistan Somali sahillərində 20 balıqçını xilas edib
Hindistan Hərbi Dəniz Qüvvələri Somali sahillərində dəniz quldurlarının ələ keçirdiyi balıqçı gəmisinin 20 nəfərlik heyətini azad edib.
Operativ Media xəbər verir ki, ANI agentliyinin məlumatına görə, iki gündən artıq davam edən əməliyyatda hərbi gəmi, kəşfiyyat təyyarəsi və xüsusi təyinatlı qüvvələr iştirak edib. Komandolar C-17 hərbi-nəqliyyat təyyarəsindən ələ keçirilmiş “Azini” traulerinə desant enişi həyata keçiriblər.
Əməliyyat nəticəsində girov götürülən 20 nəfərin hamısı azad edilib. Hadisə zamanı nə balıqçılar, nə də hindistanlı hərbçilər xəsarət alıblar.
Məlumata görə, quldurlar oktyabrda ələ keçirdikləri gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə etməyi planlaşdırıblar.
Hindistanın müdafiə naziri Racnat Sinqx əməliyyatın Hindistanın Hind okeanında təhlükəsiz və sərbəst ticarət gəmiçiliyinin təmin edilməsinə sadiqliyini nümayiş etdirdiyini bildirib.