Elnur Məmmədov: Kiberhücumlara qarşı mübarizədə vaxt itkisinə yol verilməməlidir
Kiberhücumların həyata keçirilmə sürəti dövlətlərin həmin hücumlarla bağlı məlumat mübadiləsi aparma sürətini dəfələrlə üstələyə bilir.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qeydə alınmış ən sürətli kiberhücum hallarından birində hücumçuların digər sistemlərə keçməsi cəmi 27 saniyə çəkib.
“Bu rəqəmlər müdafiəçilərin hərəkətə keçmək üçün nə qədər az vaxta malik olduğunu göstərir. Eyni zamanda, kiberhücumların sürəti ilə dövlətlər arasında məlumat mübadiləsinin operativliyi arasında ciddi fərq olduğunu üzə çıxarır”, – deyə nazir müavini vurğulayıb.
E.Məmmədov bildirib ki, kiberhücumlarla bağlı xəbərdarlıqlar təsdiqləmə prosedurlarından keçdiyi müddətdə hücumçular artıq mövcud təhlükəsizlik boşluqlarından istifadə edə bilirlər.
O qeyd edib ki, bu problemin aradan qaldırılması beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığının praktik prioritetlərindən birinə çevrilməlidir.