Nazir müavini: Dövlətlər kiberinsidentlərə qarşı birgə təlimlər keçirməlidir
Kiberhücumlarla effektiv mübarizə üçün dövlətlər arasında etibarlı əlaqə kanallarının yaradılması, operativ məlumat mübadiləsi və qarşılıqlı etimadın gücləndirilməsi zəruridir.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dövlətlər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üç əsas istiqamətdə inkişaf etdirilməlidir.
Nazir müavini ilk növbədə, böhran başlamazdan əvvəl etibarlı əlaqə kanallarının yaradılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu kanallar dövlətlər arasında siyasi münasibətlərin mürəkkəbləşdiyi dövrlərdə belə açıq qalmalıdır.
İkinci istiqamətin operativ məlumat mübadiləsi üçün əvvəlcədən razılaşdırılmış prosedurların müəyyən edilməsi olduğunu deyən E.Məmmədov dövlətlərin hansı məlumatların, kimlərlə və hansı təhlükəsizlik təminatları çərçivəsində paylaşılacağını əvvəlcədən razılaşdırmalı olduğunu qeyd edib.
Üçüncü istiqamətə toxunan nazir müavini bildirib ki, müntəzəm əməkdaşlıq vasitəsilə dövlətlər arasında qarşılıqlı etimad formalaşdırılmalıdır.
Onun sözlərinə görə, birgə təlimlər, ekspertlər arasında təcrübə mübadiləsi və texnologiya şirkətləri ilə birbaşa əlaqələr formal öhdəliklərin real tərəfdaşlığa çevrilməsinə kömək edə bilər.