DTX rəsmisi: Azərbaycanın dövlət resursları kiberhücumlara məruz qalıb
Son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə “gov.az” seqmentinə qarşı DDoS və digər xarakterli kiberhücumlar həyata keçirilib.
Operativ Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müasir dövrdə qlobal geosiyasi proseslər, rəqəmsal texnologiyaların inkişafı və süni intellektin geniş tətbiqi dövlətlərin təhlükəsizlik mühitinə, iqtisadi potensialına və beynəlxalq təsir imkanlarına ciddi təsir göstərir.
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır. Beynəlxalq münasibətlərdə güc ənənəvi olaraq hərbi, iqtisadi və siyasi imkanlarla müəyyən edilirdisə, hazırda informasiya resurslarına nəzarət, texnoloji potensial, rəqəmsal infrastrukturun dayanıqlılığı və kiberməkanda milli maraqların müdafiəsi də strateji əhəmiyyət daşıyır”, – deyə H.Mansurov vurğulayıb.
DTX rəisinin müavini qeyd edib ki, son illərdə müxtəlif ölkələrin enerji infrastrukturları irimiqyaslı kiberhücumlarla üzləşib.
O bildirib ki, cari ilin oktyabrında Avropa ölkələrindən birində dövlətin rəqəmsal xidmətlərinə qarşı həyata keçirilən kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib.
“Belə hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir. Kiber və texnoloji imkanlar geosiyasi təzyiq vasitəsinə çevrilir”, – deyə H.Mansurov diqqətə çatdırıb.