Azərbaycanda cari ildə 134 mindən çox botnet yoluxması aşkarlanıb
Cari il ərzində Azərbaycanda aparılan monitorinqlər nəticəsində 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox veb-defacement və DDoS hücumu müəyyən edilib.
Operativ Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Səməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, monitorinqlər çərçivəsində 10 APT qrupunun fəaliyyəti ətraflı araşdırılıb.
“Ölkə səviyyəsində kibertəhdidlər və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub. Platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb”, – deyə nazir müavini vurğulayıb.
S.Əsədov qeyd edib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin iqtisadi, siyasi və təhlükəsizlik prioritetlərinə ciddi təsir göstərir. Onun sözlərinə görə, texnoloji üstünlük artıq yalnız innovasiya və iqtisadi inkişaf göstəricisi deyil, həm də strateji təsir və milli təhlükəsizlik amilinə çevrilib.
“Xüsusilə süni intellektin müxtəlif sahələrə inteqrasiyası beynəlxalq münasibətlərin xarakterini, dövlətlər arasındakı güc balansını və kiberməkanda mövcud təhlükəsizlik yanaşmalarını dəyişdirir”, – deyə o bildirib.
Nazir müavini müasir informasiya mühitində dezinformasiya və məqsədyönlü informasiya manipulyasiyalarının yaratdığı risklərin vaxtında müəyyənləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
O əlavə edib ki, Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş hədəflərin icrası davam etdirilir.
“Əsas məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsi, kibertəhdidlərin aşkarlanması və insidentlərə koordinasiyalı cavabvermə mexanizmlərinin inkişaf etdirilməsidir. Bu istiqamətdə texniki araşdırmaların aparılması, təhlükəsizlik boşluqlarının müəyyən edilməsi və aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsinin təşkili xüsusi əhəmiyyət daşıyır”, – deyə S.Əsədov bildirib.