Azərbaycanda ötən il 51 mindən çox vətəndaş kibertəhlükəsizliklə bağlı maarifləndirilib
Azərbaycanda ötən il kibertəhlükəsizlik sahəsində 800-dən çox maarifləndirmə tədbiri keçirilib, 51 mindən çox vətəndaş məlumatlandırılıb.
Operativ Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Səməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində 4 milyondan çox vətəndaşa kibertəhlükəsizliklə bağlı xəbərdarlıq bildirişləri göndərilib. Sosial şəbəkələrdə yayımlanan maarifləndirici paylaşımlar isə 2,2 milyondan çox baxış toplayıb.
S.Əsədov qeyd edib ki, Azərbaycanın regionlarındakı məktəblərdə şagirdlər üçün kibertəhlükəsizlik təlimləri keçirilib. Uşaqların bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə tədris və maarifləndirmə funksiyalarını birləşdirən “CERT Kids” platforması da istifadəyə verilib.
Nazir müavini vurğulayıb ki, kibertəhlükəsizliyin təmin olunmasında texnoloji vasitələrlə yanaşı, insan kapitalının inkişafı da mühüm rol oynayır:
“Ən müasir müdafiə sistemləri belə istifadəçilərin rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmədiyi şəraitdə arzuolunan nəticəni təmin edə bilmir. Buna görə də kibertəhlükəsizlik üzrə maarifləndirmə, peşəkar kadr potensialının artırılması və cəmiyyətin rəqəmsal savadlılığının inkişafı uzunmüddətli təhlükəsizlik strategiyamızın ayrılmaz hissəsidir”.
S.Əsədov əlavə edib ki, 2026-cı il iyulun 14-də qəbul edilmiş qanunla informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində institusional idarəetmənin təkmilləşdirilməsi, kibertəhdidlərə qarşı vahid koordinasiya mexanizmlərinin formalaşdırılması, milli CERT, milli SOC və rəqəmsal tədqiqat mərkəzlərinin yaradılması nəzərdə tutulub.