Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında viza rejimi 8 iyuldan etibarən ləğv edilib. Azərbaycanlıların ən çox üz tutduğu ölkələr arasında ilk onluqda olan bu ölkəyə vizasız gediş turistləri bəzi xərclərdən xilas etmiş oldu. Bununla yanaşı Avropa ölkələrinə də artıq tranzir ucuz qiymətə səyahət etmək mümkün olacaq.
"Operativ Media" turizm sektoruna bu qərarın necə təsir edəcəyini araşdırıb.
Turizm üzrə ekspert Elgün Babayev deyir ki, qərar ilk olaraq BƏƏ-yə səfər edənlərin turpaketlərində özünü göstərəcək.
"Vizaları biz alırdıq 90-100 dollara. Ümumi qiymətdə 15 faiz fərq edəcək. Ən azından ona görə ki, viza rüsumu yoxdur. Viza üçün hər hansısa müraciət də olmayacaq. Deyək ki, vətəndaş uçurdu Dubaya, oradan da bir neçə saatlıq gözləmə ilə başqa ölkəyə. Məcbur idi ki, viza alısın .Nəticədə tranzit uçuşlarda 300 manata yaxın xərc çıxırdı. Artıq bu problem də həllini tapmış oldu".
Elgün Babayevin sözlərinə görə, bu qərar "lou koster" lə uçan sərnişinlər üçün göydəndüşmə oldu. Belə ki, BƏƏ-dən bir çox ölkəyə "lou koster" aviadaşıyıcılarla tranzit uçmaq mümkündür.
"Lou koster"lərin uçuş cədvəlinə baxsaq görərik ki, Birləşmiş Ərəb Əmirliklərinin şəhərlərindən kifayət qədər intensiv uçuşlar həyata keçirirlər. Asiya istiqamətinə getmək artıq daha ucuz olacaq. Avropanı gəzmək istəyən şəxs belə yaz, payız aylarında Dubayda çimərliyin dadını çıxarıb elə gedə bilər. Və yaxud istəsə hava limanında gözləyib bir neçə saat sonra da gedə bilər. İstənilən halda xarici səfərlərdə olan turpaketlərə 25-30 faiz ucuzlaşma gözlənilir"-deyə ekspert bildirib.






