Adrian Mutu: "Ötən illə müqayisədə komandanı daha yaxşı nöqtəyə çatdırmağa çalışacağıq"

Əziz Əzizli
Adrian Mutu: "Ötən illə müqayisədə komandanı daha yaxşı nöqtəyə çatdırmağa çalışacağıq"

"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu "CBC Sport"a müsahibə verib.

"Operativ Media" xəbər verir ki, o, "Neftçi"ni seçməyinin səbəbini açıqlayıb:

"Bakı çox dəyişib. Əvvəlki gəlişimlə müqayisədə fərqli şəhər gördüm. İndi daha gözəldir. "Neftçi"ni seçməyimdə iki səbəb var. Əvvəla, "Neftçi" mənə görə ölkənin ən böyük klubudur. İkincisi, "Neftçi"nin qarşıdakı il üçün nəzərdə tutulan layihəsi məni cəlb etdi. Əsas hədəf "Neftçi"ni yenidən zirvəyə qaytarmaqdır. Biz, təkcə ölkə çempionluğu haqqında fikirləşməməliyik, həm də Azərbaycanı Avropada layiqli təmsil etməliyik. Bunun üçün yaxşı şərait var. Danışıqlar zamanı klubun məqsədləri və müasir futbolun tələblərinə cavab verən inkişaf planı məndə çox gözəl təəssürat oyatdı. Ən önəmli olan klubun planlarıdır. Ötən illə müqayisədə komandanı daha yaxşı nöqtəyə çatdırmağa çalışacağıq. Asan olmayacaq, amma biz buna inanırıq".

Mutu, "Neftçi"nin akademiyası ilə bağlı planlarından da danışıb:

"Mənim planım məşqçi olaraq nələr etmək lazımdırsa, onu təşkil etməkdir. Hər şeylə maraqlanacam. Məlumatlandıqdan sonra futbolçu və məşqçi kimi topladığım təcrübəni burada istifadə edəcəm. Buraya işləmək üçün gəlmişəm, 5 köməkçim olacaq. Hamısı ilə bərabər milli komandada və ya İtaliyada futbol oynamışam, çalışqan məşqçilərdir. Əvvəlcə komanda ilə tanış olmaq istəyirəm. Hansı səviyyədə olduğumuzu analiz edəcəm. Ondan sonra klubu daha yaxşı mövqeyə daşımaq üçün nələr lazımdır, bunu öyrənəcəm. "Neftçi"nin uğur qazanması üçün əlimdən gələni edəcəyimə heç kimin şübhəsi olmasın".

Digər xəbərlər