Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin onun muzdlularının Belarus ərazisinə gəldiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, "Vaqner"in sosial media hesablarında yayımlanan video və səs yazılarına görə, Priqojin öz qoşunları qarşısında çıxış edib.
Döyüşçülərini Belarus ərazisinə gəlişləri münasibətilə təbrik edən Priqojin deyib: “Biz şərəflə döyüşdük, siz Rusiya üçün çox şey etdiniz. Qərara alındı ki, özümüzü tam sübut edə biləcəyimiz anı gözləmək üçün bir müddət Belarusda olaq”.
Belarusda olarkən Belarus ordusunu “dünyanın ikinci ordusu” edəcəyinə söz verən Priqojin, lazım gələrsə, onların yanında olacaqlarını dilə gətirib.
Priqojin bildirib ki, "Vaqner" muzdluları təlim keçdikdən və artan təcrübədən sonra Afrikaya yeni bir yola çıxacaqlar: "Ola bilsin ki, biz özümüzü utandırmayacağımıza əmin olduqdan sonra Ukraynada hərbi əməliyyata qayıdaq".