Polşada tarixinin "ən böyük rus casus şəbəkəsi"ni ifşa edib
Polşada Rusiya Hərbi Kəşfiyyatına işlədiyi iddia edilən, eyni zamanda ölkədə indiyə qədər görülən “ən böyük casus şəbəkəsi”nin üzvlərinin saxlanıldığı açıqlanıb.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak Polşanın dövlət radiosuna müsahibəsində ölkədəki rus casus şəbəkəsinin ifşası və "Vaqner" qrupunun Belarusa gəlişi ilə bağlı açıqlamalar verib.
Blaşçak ölkədə fəaliyyət göstərən rus casus şəbəkəsinin Milli Prokurorluq və Daxili Təhlükəsizlik Xidməti (ABW) tərəfindən çökdürüldüyünü açıqlayıb.
Sözügedən casus şəbəkəsinin “Kreml tərəfindən Polşada sabitliyi pozmaq üçün terror hücumları törətmək üçün qurulduğunu” iddia edən Blaşçak bunu “Rusiya imperiyasını diriltmək cəhdləri” olaraq səciyyələndirib.
Belə qrupların Polşa üçün təhlükə yaradıb-yaratmayacağı sualına Blaşçak belə cavab verib: “Polşa təhlükəsizlik xidmətləri Rusiyanın istənilən təxribatına qarşı gecə-gündüz işləyir".
Mart və iyul aylarında ölkədə Rusiya hərbi kəşfiyyatına casusluq etməkdə ittiham olunan 15 nəfər həbs edilib.
Polşa müdafiə naziri həmçinin qeyd edib ki, "Vaqner"in bir neçə minə qədər silahlısının Belarusa gəlməsi onun ölkəsinin milli təhlükəsizliyi üçün problem kimi qəbul edilib.