KİV: "Maldiv adaları Rusiyaya göndərilən çiplərin daşınma nöqtəsidir"
Rusiya-Ukrayna müharibəsi sonra Maldiv adaları “Rusiyanın ona qarşı tətbiq edilən sanksiyalardan yayınmaq üçün daşıma məntəqəsi kimi istifadə edilib”.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu iddia ilə Yaponiyanın "Nikkei Asia" media təşkilatı çıxış edib.
Nəşrin araşdırmasına görə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ABŞ-də yerləşən şirkətlər tərəfindən istehsal edilən və təxminən 54 milyon dollar dəyərində 400 min çip Maldiv adaları üzərindən Rusiyaya göndərilib.
Hindistan mərkəzli "Export Genius" araşdırma şirkətindən əldə edilən ixrac-idxal məlumatlarında yalnız 50 min dolların üzərindəki göndərişlər araşdırılıb. Bu araşdırma müharibədən əvvəl Maldiv adalarından bu miqdarda göndərişlərin edilmədiyi ortaya qoyub.
Sözügedən məlumatlar Maldiv adalarını müharibə başlayandan sonra Rusiyaya ən çox çip göndərən ölkələr arasında Çindən sonra ikinci ölkə edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2021-ci ildə Maldiv adalarının çip ixracı təxminən 280 milyon dollar təşkil edib. Maldiv adalarından Rusiyaya göndərilən ABŞ istehsalı çiplər bu məbləğin təxminən 20 faizini təşkil edir.
Bu daşımalar 2022-ci ilin may ayında əhəmiyyətli dərəcədə artıb. Eyni ayda Rusiyanın Aeroflot aviaşirkəti müharibə səbəbiylə 2022-ci ilin fevralında Maldiv adalarına dayandırılmış uçuşları yenidən başladıb.
Həmçinin, bu ixrac artımları Maldiv adalarında çip bazarının olmamasına baxmayaraq baş verib.
Araşdırma bir çox şirkətlərin “Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün Maldiv adalarını daşıma məntəqəsi kimi istifadə etdiyini” irəli sürüb.
Gömrük məlumatlarına görə, 14 ixracatçı şirkət Maldiv adalarından Rusiyaya çip göndərib, ancaq onların heç biri Maldiv adalarında yerləşmir.