"Qarabağ" Avropa Liqasında 2023/2024 mövsümünün ən intizamlı komandasıdır.
"Operativ Media" xəbər verir ki, "atlılar" HİK-ə qarşı Bakıda keçirilən oyunda (2:1) cəmi 4 dəfə qayda pozuntusuna yol verib. Azərbaycan təmsilçisi intizamlı komandalar arasında ilk sırada yer alıb.
İkinci pillədə HİK yer alıb. "Qarabağ"la görüşdə 4 qayda pozuntusu edən Finlandiya təmsilçisinin bir oyunçusu da sarı vərəqə ilə cəzalanıb.
Ən intizamsız komanda isə Yunanıstan "Olimpiakos"udur. Pirey təmsilçisi "Genk"lə (Belçika) matçda (1:0) 14 dəfə qayda pozuntusuna yol verib, 3 oyunçusu sarı vərəq ilə cəzalanıb.
"Qarabağ" eyni zamanda ən çox hücum edən komandalar arasında da yer alıb. Qurban Qurbanovun tələbələri HİK-lə görüşdə 16 dəfə hücum edib. Rəqib qapısına 5 dəqiq zərbə endirən təmsilçimizin 6 topu da çərçivədən kənara gedib.
"Atlılar" daha bir göstəricidə birinci pillədə yer alıb. "Qarabağ" ən çox künc zərbəsi (9) yerinə yetirən komanda olub.






