Legioner həyatı yaşayan azərbaycanlı futbolçular keçən həftə nə etdilər? - ARAŞDIRMA

Əziz Əzizli
Legioner həyatı yaşayan azərbaycanlı futbolçular keçən həftə nə etdilər? - ARAŞDIRMA

Yay transfer pəncərəsində azərbaycanlı futbolçuların bəziləri Azərbaycanı tərk edərək legioner həyatı yaşamağa yollandılar.

"Operativ Media" legioner həyatı yaşayan azərbaycanlı futbolçuların keçən həftə nə ilə yadda qaldığını araşdırıb.

"Qarabağ" klubunu yayda tərk edərək Taylandın "Buriram Yunayted" klubuna yollanan Ramil Şəydayev üçün bu həftə quru oyunla yadda qalıb. "Konkaem Yunayted"lə matçda 90 dəqiqə meydanda olan Ramil fərqlənə bilməyib. Matç 0-0 hesabı ilə başa çatıb.

"Qarabağ" klubunu bu yay tərk edən Musa Qurbanlı da bu həftə heçnə ilə yadda qalmayıb. "Goteborq"la matç üçün səfərə yollanan "Yurqarden" klubu Musanı 88-ci dəqiqədə meydana buraxıb və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

"Səbail" klubuna transfer olan və daha sonra Türkiyə 1-ci divizionu klubu "Ümraniyespor"a keçən Coşqun Diniyev üçün də keçən həftə uğurlu olmayıb. Belə ki, "Gənclərbirliyi" ilə səfər matçının start heyətində oyuna başlayan Coşqun Diniyev 80-ci dəqiqədə əvəzlənib və komandası 2-1 hesabı ilə məğlub olub.

Coşqun Diniyev kimi Türkiyəyə yollanan daha bir azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə "Tuzlaspor"da debüt edə bilməyib. "Tuzlaspor" klubunun "Çorum"u qonaq etdiyi matçda Bəxtiyar ehtiyatda gözləməli olub. Bu matçda "Tuzlaspor" klubu 0-3 hesabı ilə məğlub olub.

İsveçrənin "Qraşsopers" klubunda çıxış edən Renat Dadaşov keçən həftə oynanılan "Vintertur"la matçın iştirak ərizəsinə daxil edilməyib. Matç "Vintertur"un 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Bolqarıstanın "Arda" klubunda çıxış edən Cəlal Hüseynov son turda 9 dəqiqə meydanda qalıb. "Arda"nın "Lokomotiv Sofia" klubunu 1-0 hesabı ilə məğlub etdiyi matçda Cəlal 81-ci dəqiqədə meydana daxil olub.

Cənubi Koreya çempionatında çıxış edən Anton Krivatsyuk üçün son tur uğurlu olub. "Tecon Xana Sitizen" klubunun "Seul"u qəbul etdiyi matçda Anton 90 dəqiqə meydanda qalıb və komandası 4-3 hesablı qələbəyə sevinib.

Digər xəbərlər