Rusiya MN: ABŞ PUA-larının Krımda kəşfiyyat aparmasının qarşısı alınıb
"ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "MQ-9 Reaper" və "RQ-4 Global Hawk" pilotsuz uçuş aparatlarının (PUA) Krım yarımadası ərazisində kəşfiyyatının qarşısını almaq üçün Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus iki döyüş təyyarəsi havaya buraxılıb".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 28-də Qara dənizin cənub-qərb hissəsi üzərində Rusiya Aerokosmik Qüvvələrinin hava məkanına nəzarət qrupları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Rusiya Federasiyasının dövlət sərhədi istiqamətində uçuşunu qeydə alıb. Onlar Krım yarımadası ərazisində hava kəşfiyyatı həyata keçirib. Rusiya Federasiyasının dövlət sərhədinin mümkün pozulmasının qarşısını almaq və elektron kəşfiyyat PUA-larının fəaliyyətini dayandırmaq üçün iki rus qırıcısı havalandırılıb”, - deyə Rusiya MN-dən bildirilib.
Əlavə edilib ki, nəticədə ABŞ-nin kəşfiyyat aparatları uçuş istiqamətini dəyişərək bölgəni tərk edib.