Polşa və Baltikyanı ölkələr "Vaqner"-in Belarusdan çıxarılmasını tələb edib
"Polşa və Baltikyanı ölkələr insident olacağı təqdirdə Belarusla sərhədi və bütün sərhəd keçid məntəqələrini bağlayacaq".
"Operativ Media" xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski Belarusla sərhədin tamamilə bağlanması məsələsinin müzakirə olunduğu Latviya, Litva və Estoniyadan olan tərəfdaşlarla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Əgər kritik vəziyyət yaranarsa, insident Polşa, Litva və ya Latviyanın Belarusla sərhədində olmasından asılı olmayaraq dərhal tədbir görəcəyik. Hələ də açıq olan bütün sərhəd keçid məntəqələri bağlanacaq", - o vurğulayıb.
"Bizim şərq sərhədimizdə, Belarusla sərhəddə vəziyyət bir neçə aydır ki, gərginləşir", - deyə o, immiqrasiyanın artması və "Vaqner"-in Belrusdakı mövcudluğunu əsas təhlükələr adlandırıb.
"Biz Minskdəki hakimiyyətdən "Vaqner" qrupunun dərhal Belarus ərazisini tərk etməsini və miqrantların dərhal sərhəd zonasını tərk edərək öz mənşə ölkələrinə göndərilməsini tələb etdik", - Kaminski əlavə edib.