Sadələşdirilmiş vergi kiçik və orta müəssisələr, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
Lakin, sadələşdirilmiş verginin ləğv olunduğu və hər kəsin 20 % vergi ödəməsi məsələsi ilə bağlı fikirlər mövcuddur. Bəs bu doğrudurmu?
Mövzu ilə əlaqədar vergi mütəxəssisi İlqar Əsədov “Operativ Media”ya bildirib ki, sadələşdirilmiş vergi ləğv edilməyib və hazırkı dövrdə bununla əlaqədar hər hansı bir dəyişiklik yoxdur.

O, qeyd edib ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi verilib:
“Qanun layihəsi hələ təsdiqlənməyib və birinci oxunuşdadır. Təklif edilən bu yeni qanun layihəsində ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin məcbur sadələşdirilmiş vergi ödəyicisi siyahısından çıxarılması təklif olunur və sadələşdirilmiş vergi ilə bağlı əsas dəyişiklik məhz budur. Onlar daha əvvəlki versiyada məcbur sadələşdirilmiş vergi ödəyicisi idilər və fərqlənmə nişanı alıb sabit bir məbləğ ödəməklə fəaliyyət göstərirdilər. Lakin yeni dəyişikliklər təklif olunur və çox güman ki, qəbul olunacaq. Təklif qəbul edilsə, onlar məcbur sadələşdirilmiş vergi ödəyicisi siyahısından çıxarılmaqla vergiyə ümumi əsaslarla cəlb ediləcək, lakin sadələşdirilmiş vergi ödəyici olmaq hüquqlarını saxlayacaqlar. Bu, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin cari redaksiyası yalnız sərnişin daşıma fəaliyyətini deyil, ölkədaxili yük daşıma fəaliyyətini də məcbur sadələşdirilmiş vergi ödəyicisi edir. Yeni dəyişiklikdə yük daşıma fəaliyyətinin üzərindən xətt çəkilməsi yuxarıda qeyd etdiyimiz nəticələrə səbəb olacaqdır”.
İqtisadçı ekspert Xalid Kərimli isə hər kəsin 20 % vergi ödəməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

“Əvvəllər mikrosahibkar olan fiziki və hüquqi şəxslərə mənfəət vergisindən 75 % güzəşt var idi, yəni mənfəət vergisi əvvəlki kimi 20 % -dir. 75 % güzəşt çıxandan sonra 5 % vergi verirdilər. İndi isə qanun deyir ki, sənin orta illik işçi sayın 3 nəfərdən azdırsa, sənə 75 faizlik güzəşt düşmür. Bir növ o deməkdir ki, tək fəaliyyət göstərirsənsə və işçilərin yoxdursa, həmin güzəştdən yararlana bilməzsən. Vergi Məcəlləsinə dəyişiklik bundan ibarətdir və sadələşmiş vergi ilə əlaqədar bu il heç bir şey nəzərdə tutulmur”.
Sevinc İbrahimzadə