Mikro sahibkarlıqdan digər sahibkarlıq kateqoriyasına keçid stimullaşdırılacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə görə, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti plan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq.
Bəs yeni qanun VÖEN ilə fəaliyyət göstərən şəxslərə də aiddir?
Bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov “Operativ Media”ya bildirib ki, sadələşdirilmiş verginin ləğv olunmasının əsas səbəbi bu vergi güzəştindən müxtəlif təsərrüfat subyektlərindən sui-istifadə edərək vergidən yayınmanın qarşısının alınmasıdır.

Ekspertin fikrincə, bu, prosesə bir qədər sərt yanaşmadır:
“Çünki bunun sahibkarlıq subyektlərinə kifayət qədər zərəri olacaq, hətta müəyyən istiqamətlərdə saylarının azalmasına gətirib çıxaracaq. Nəticə etibarilə vergi yığımının özünə də təsir göstərəcək. Buna görə də bu qədər sərt yanaşmanın doğru olmadığını düşünürəm. Müəyyən qədər güzəştlər qalmalı, nəzarət mexanizmi gücləndirilməli idi, bir sözlə, digər yollarla bu məsələ tənzimlənsəydi, daha yaxşı olardı. Ən azından müəyyən məbləğdə olan bir hissə vardı ki, bu hissəyə ən azından güzəştlər tətbiq oluna bilərdi. Məsələn, 50 000 manata qədər dövriyyəsi olan mikro sahibkarların gəlirlərinin 75 faizinə güzəşt tətbiq oluna bilərdi. Amma tamamilə güzəştin götürülməsi hesab edirəm ki, sahibkarlıq ekosisteminə, ələlxüsus mikrosahibkarlığa mənfi təsir göstərəcəkdir. Onsuzda bu sahədə müəyyən problemlər hazırda mövcuddur, bu isə bir az da problemləri dərinləşdirəcək”.
İqtisadçı qeyd edib ki, ümumiyyətlə, vergi ödəyicisi VÖEN-siz olmur və bütün hallarda deyilənlərin hər biri VÖEN-i olan hər kəsə aiddir.