Moskvada Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib- YENİLƏNİB 2
5 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.
Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
***
13:10
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən ikitərəfli görüşdə Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələləri və Xəzər “beşliyi” çərçivəsində əməkdaşlıq müzakirə olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Qeyd edilib ki, nazirlər, həmçinin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının icrasını müzakirə ediblər.
“İkitərəfli münasibətlərin aktual məsələlərinə toxunulub.Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunub.
***
11:10
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
İkitərəfli və regional məsələlər müzakirə olunur.