Vüqar Bayramov: Ev təsərrüfatlarının elektron uçotu sosial yardımların ünvanlılığını artıracaq
Ev təsərrüfatlarının uçotunun elektron sistem vasitəsilə aparılması, bütövlükdə ev təsərrüfatlarının tələbatlarının öyrənilməsi, eyni zamanda buna uyğun olaraq iqtisadi və sosial siyasətin həyata keçirilməsi məqsədi daşıyır. Əslində, ev təsərrüfatlarının uçotu əvvəllər də aparılırdı. Çünki subsidiya mexanizmi, özünüməşğulluq və maliyyə-sosial yardım proqramları da daxil olmaqla, müxtəlif istiqamətlərdə bu məlumatlara ehtiyac var idi.
Bu sözləri Operativ Media-ya deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu uçot olmadan ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi mümkün deyildi:
“Eyni zamanda, subsidiyaların, istehsal və özünüməşğulluq proqramlarının həyata keçirilməsində, eləcə də daşınmaz əmlakla bağlı məlumatlar da mühüm əhəmiyyət daşıyırdı.
Artıq söhbət məlumatların elektronlaşdırılmasından və elektron sistem üzərindən bir pəncərə prinsipi ilə əldə edilməsindən gedir. Məlumatların elektronlaşdırılması hansı ailələrin sosial dəstəyə daha çox ehtiyac duyduğunu müəyyənləşdirməyə imkan yaradacaq. Bu isə sosial dəstəyin daha ünvanlı şəkildə həyata keçirilməsinə gətirib çıxaracaq.
Eyni zamanda, aqrar sektorda uçot sisteminin təkmilləşdirilməsi və buna uyğun olaraq güzəştlərin əhatə dairəsinin genişləndirilməsi üçün də geniş imkanlar yaranacaq. Burada prosesin elektronlaşdırılmasından söhbət gedir. Buna görə də ev təsərrüfatlarının fəaliyyətinə hər hansı müdaxilənin nəzərdə tutulmasından danışmaq düzgün olmazdı.
Digər tərəfdən, əsas məqsəd ev təsərrüfatlarını, xüsusilə də dəstəyə ehtiyacı olan ailələri müəyyənləşdirmək və buna uyğun regional siyasət həyata keçirməkdir. Məlumatların elektronlaşdırılması nəticəsində elektron informasiya bazası üzərindən müxtəlif proqramların, o cümlədən aktiv sosial proqramların həyata keçirilməsi mümkün olacaq”.