Bakı küçələri niyə piyadalar üçün ölüm yoluna çevrilib?

Redaksiya
Bakı küçələri niyə piyadalar üçün ölüm yoluna çevrilib?

"Səkilərin vəziyyəti təftiş olunmalıdır, küçənin bir tərəfindən digər tərəfinə rahat keçidlər təmin olunmalı, yeraltı və yerüstü keçidlərin tikilmə praktikasına son qoyulmalıdır".

Bunu "Operativ Media"ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Rauf Ağamirzəyevin sözlərinə görə, son illərdə şəhər yollarında sürətli sürmə üçün hər bir iş görülüb. Amma bir önəmli məqam nəzərə alınmayıb. 

"Bu da odur ki, şəhər yollarında insanlar varsa, bir yerdən digər yerə gedirlərsə, bunu nəzərə almaq lazımdır. Həmçinin nəzərə almaq lazımdır ki, hamı sağlam deyil. Qoca, əlil, uşaqlar var ki, həssas kateqoriya sayılır. Onların ehtiyaclarını ödəyən məktəb, xəstəxana, poliklinika yolun digər sahəsində yerləşirsə, təbii olaraq qarşı tərəfə keçmək üçün yolun ən qısa variantını seçəcək".

Rauf Ağamirzəyev deyir ki, nəqliyyat infrastrukunda verilən yanlış qərarlar ölümlə nəticələnən qəzalara səbəb olur:

"Şəhərin daxilində doğru qərarlar verilib amma tam deyil. Şəhər daxilində sürətlər aşağı salındı, sürətli hərəkət edən sürücülərə qarşı cərimələr artırıldı. Bunlar doğru addımlar idi. Amma bunların ardı gəlməlidir. Sürətli sürməmək üçün fiziki əngəl qurulubmu? Yolumuz şəhərin daxilində magistral kimidirsə, sual yaranır, niyə şəhərin daxilindədir, niyə bu qədər genişdir? Genişdirsə, burada yaşayan sakinlər harasa getmək üçün yolu keçirsə, küçəni sakitləşdirən elementlər niyə yoxdur?

Eynisəviyyəli, təhlükəsizlik adacığı ilə təmin olunmuş, svetaforla nizamlanan keçidlər təşkil olunmalıdır ki, insanlar rahat yolu keçə bilsin. Sürətlə gələn sürücü də svetafora görə məcburi yavaşlayacaq. Dünyanın digər yerlərində də qəzalar olur. Amma qəzaların nəticəsi nədir, maddi ziyandırmı, yüngül xəsarətdirmi, ölümdürmü? Bunlar nəticə səbəbə baxmağa bizi vadar edir".

Digər xəbərlər