Qafqazda ən az turist Azərbaycana gəlib - Ekspert
2023-cü ilin 10 ayı ərzində Qafqaz ölkələrinə gələn turistlərin sayı açıqlanıb. Statistikaya əsasən ən çox turist qəbul edən ölkə Gürcüstan olub. Gürcüstana 5 milyon 57 min nəfər turist gəlib. Ermənistana isə bu müddət ərzində 2 milyon nəfər turist ziyarəti baş tutub. Azərbaycan isə bu statistikada 1 milyon 700 min nəfərlə üçüncüdür.
“Operativ Media”ya açıqlama verən turizm üzrə ekspeert Elgün Babayev deyir ki, Azərbaycana digər ölkələrdən turistlərin az gəlməsinin konkret səbəbləri var. Təəssüflər olsun ki, bu problem də illərdir həll edilməyib.
“Hər üç ölkənin əhali sayını nəzərə alsaq, Gürcüstan öz əhalisinin sayından təxminən 50 faiz daha çox, Ermənistan öz əhalisinin 66 faizi qədər, Azərbaycan isə, öz əhalisinin cəmi 16 faizə qədəri turist qonaqlayıb. Bu mənzərənin əsas səbəbi Azərbaycana aviabiletlərin baha olmasıdır. Loukosterlərin daha çox Azərbaycandan uçuş həyata keçirməsinin qarşısı alındığından statistik rəqəmlər qonşu ölkələrlə müqayisədə azdır”.
Ekspertin sözlərinə görə, quru sərhədlərinin bağlı olması da gələnlərin sayını kəskin azaldılıb.
“Digər bir səbəbi isə quru sərhədlərin bağlı olmasıdır. Pandemiyadan sonra digər ölkələr quru sərhədləri açdı. Qafqaz ölkələri Rusiya və keçmiş potsovet ölkələri üçün hər zaman cəlbedici olub. Staistikada biz baxanda görürdük ki, əsas turist axını Rusiya, Gürcüstan və İran istiqamətindən quru sərhədi ilə olub. İndi isə yalnız hava nəqliyyatı ilə səfərlər olduğundan əlbəttə say azalacaq”.
Elgün Babayev deyir ki, Azərbaycanda hotel qiymətləri hər turist üçün sərfəli deyil.
“Gürcüstandakı otellərin qiyməti Azərbaycanla müqayisədə çox ucuzdur. Gürcüstanda 5 ulduz otel Azərbaycanda 3 ulduz otellərin qiymətinə bərabərdir. Azərbaycanda 5 ulduzlu otellərin qiyməti çox fantastikdir. Bayramlarda, tətillərdə və xüsusuilə yeni il ərəfəsində qiymətlə ümumiyyətlə kəllə çarxa çıxır. İki nəfərlik paketləri götürəndə qiymətlər 800 dollardan başlayır. Buna da daxildi ancaq 2 gecə qonaqlama və səhər yeməyi. Ona görə də istər otelçilik, istərsə də hava yolları cəhətdən bir tədbir görmək lazımdır”.