Menyu

1 yanvardan etibarən bir sıra qanunlar qüvvəyə minəcək - SİYAHI

Redaksiya
1 yanvardan etibarən bir sıra qanunlar qüvvəyə minəcək - SİYAHI

2024 –cü ilin yanvar ayından bir neçə qanun layihəsi qüvvəyə minir. Sosial, iqtisadi, hərbi sahələrə aid qanun layihələri ümumilikdə bütün ölkəni əhatə edəcək.

“Operativ Media” gələn ilin yanvar ayının 1-dən qüvvəyə minəcək qanun layihələrini və onların nəyi dəyişəcəyini araşdırıb.

İlk olaraq yaşayış minimumu dəyişir. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdi. 2024-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən ediləcək.

Digər vacib qanun layihələrindən biri isə Azərbaycanda hərbçilərin pensiya yaşı ilə bağlıdır. Yanvarın 1-dən etibarən hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə dəyişdirilir.

Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılacaq. Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

Azərbaycanda "Dövlət satınalmaları haqqında" qanun da 2024-cü il yanvarın 1-də qüvvəyə minəcək. Qanunun 2023-cü ilin iyulun 14-də imzalanmasına baxmayaraq tətbiqi 2024-cü il yanvarın 1-nə nəzərdə tutulub. Bu müddət ərzində iki əsas məqama diqqət yetirilib. Birinci məsələ kimi qanuna müvafiq olaraq normativ aktların hazırlanması vacib idi. Burda söhbət 20 ədəd normativ aktın qəbul edilməsindən gedir. İkinci məsələ isə bu müddət ərzində bazarın qanunun tətbiqinə hazırlanması idi. Bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur.

Avtomobil almaq istəyənlər üçün də yeni xəbər var. Hökumətin qərarına əsasən, 2024-cü il yanvarın 1-dən 2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulacaq.

10 ildən çoxdur ki, müzakirə edilən “Rəqabət məcəlləsi” də yanvarın 1-dən qüvvəyə minir. Bu qanun layihəsinin bazar iqtisadiyyatına önəmli təsir edəcəyi və qiymətləri ucuzlaşdırılacağı proqnozlaşdırılır.

Yeni ildən sərnişindaşıma fəaliyyəti ilə bağlı qanunvericilik mexanizmi də sərtləşdirilir. “Avtomobil nəqliyyatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik yanvarın 1-dən qüvvəyə minir. 

Qanuna edilən dəyişiklik ölkə ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Həmçinin bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. 

Dəyişiklə qanuna taksometr, analoq taxoqraf, rəqəmsal taxoqraf, rəqəmsal taxoqraf kartı,  sürücünün taxoqraf kartı, operatorun taxoqraf kartı, emalatxana taxoqraf kartı,  nəzarətçi taxoqraf kartı, formulyar, taksi sifarişi operatoru, buraxılış vəsiqəsi, buraxılış kartı kimi yeni anlayışlar əlavə edilib.

Dəyişikliyə əsasən, ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilib.

Qanuna edilən dəyişikliyə müvafiq olaraq, qanunun tələblərinə riayət etməyən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilib. İnzibati məsuliyyətə görə qanun normaları 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

2024-cü ilin yanvarın 1-dən “Vergi Məcəlləsi” nə də dəyişiklik ediləcək. Qanun layihəsinə əsasən ən çox dəyişiklik də məhz bu məcəlləyə aiddir. “Nağdsız hesablaşmalar haqqında”, “Aksiz” vergiləri və digər maddələr üzrə dəyişikliklər nəzərdə tutulur.

Teqlər:

"1 yanvardan etibar\u0259n bir s\u0131ra qanunlar q\u00fcvv\u0259y\u0259 min\u0259c\u0259k - S\u0130YAHI"

Əlaqəli Xəbərlər