General-leytenant: “Müasir Azərbaycan ordusu Heydər Əliyevin şah əsəridir”
“Heydər Əliyevin bir çıxışı ilə 16 min nəfərlik 40 tabor yarandı. Lazım olsa, 100 minlik də qoşun yığardı”.
Bunu “Operativ Media”ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
Generalın sözlərinə görə, bu gün dünya reytinq cədvəlində inkişaf etmiş ölkələri belə qabaqlayan müasir Azərbaycan ordusu Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
“Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda iki hərbi məktəb var idi. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Kirov adına Hərbi Dənizçilik Məktəbi kursant qəbul edirdi. Ulu Öndərin vaxtında məktəbi bağlamaq istəyirdilər. Cəmşid Naxçıvanski adına hərbi lisey də elə-belə yaranmayıb. Heydər Əliyevə dedilər ki, nə edirsiniz o məktəbi? Çox az sayda insan zabit olmaq istəyirdi. Ulu Öndər elə bir şərait yaratdı ki, artıq əyalətlərdən də axın var idi. Bizim dahi sərkərdələrimiz olmasına baxmayaraq, biz tam təcrid olunmuşduq. Heydər Əliyev bütün sistemi dəyişdi. Millətin beyninə yeritdi ki, zabit olmaq lazımdır. Zabit olmayanda müstəqillikdən söhbət belə gedə bilməz. Çünki zabit hazırlamaq bir günə mümkün deyil və heç bir inkişafdan söhbət gedə bilməz. Onun təməlini 1969-cu ildən hakimiyyətə gələndən qoymağa başladı”.
Yaşar Aydəmirovun sözlərinə görə, Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində Azərbaycanın əsas vuran qolu oldu. Bu uzaqgörən siyasət Azərbaycanı neçə-neçə bəlalardan xilas etdi.
“Lisey harada yarandı? Texniki peşə liseyini oradan çıxartdı və onun bazasını yaratdı. Hər dəfə liseyi ziyarət edirdi, baş çəkirdi, maraqlanırdı. Heydər Əliyevin vücudu, daxili siması kimdə inam yaratmırdı ki? Bizə deyirdi ki, bilirəm siz mənə lazım olacaqsınız. Ulu Öndərin sərkərdəlik məharətini araşdırcağıq. Bu gün də Milli Müdafiə Universitetində biz o dərsləri keçirik. 1993-cü ildə vəziyyət kritik idi. Onun bir çıxışı ilə 16 min nəfərlik 40 tabor yarandı. Zabitlərin ona olan inamı ilə Tərtərdə Ermənilərin alayı darmadağın oldu. Onun dahiliyi onda idi ki, bilirdi ki, orduya lazımı olan şərait verilməsə böyük qələbələrdən söhbət gedə bilməz. AXC vaxtında 100 dənə T-55 tankı alıb doldurmuşdular. O kimin nəyinə lazım idi?! Onu xoda salana kimi erməni gəlib Ağcabədini də, Gəncəni də vurub keçəcəydi. O bunları bilirdi. Ona görə də zaman lazım idi ki, ordunun silah arsenalı yenilənsin”.