Azərbaycanda karavanlara tələbat niyə azdır? - ARAŞDIRMA
Bahalaşan hotel qiymətlərinin fonunda səyahəti sevənlər fərqli istirahət üsullarına üz tutur. Artıq turizmin yeni forması Azərbaycana da ayaq açır. Söhbət “gəzən ev” sayılan karavanlardan gedir. Karavan hamam, tualet, mətbəx, yataq imkanı verən 15-17 kvadrat metrlik bir evdir. Ev nə ev... Harada mənzərə varsa, tətilin də oradan başlayır...
“Operativ Media” Azərbaycanda karavan qiymətlərini və onların nə dərəcədə əlverişli olmasını araşdırıb.
Əvvəlcə onu qeyd edək ki, karavanla səyahət misilsiz hisslər yaratmaqla yanaşı təbiəti doya-doya yaşamaq üçün idealdır. Dənizə ən yaxın yerləşən hotel belə karavan qədər əlçatanlıq imkanı vermir. Çay, dəniz, dağ, meşə, bir sözlə istədiyin mənzərəli məkan bir anda sənin evinin həyəti olur. Çox təəssüf ki, bu möhtəşəm turizm növü Azərbaycanda az yayılıb.
Lakin son üç ildə bu nəqliyyat növü qonşu Türkiyədə sürətli şəkildə artmağa başladı. Xüsusilə Almaniyada yaşayan türklər karavanları Türkiyədə dəbə saldılar.
Karavanlar üçün ən ideal tətbiqlərdən biri olan “park4night” proqramı Türkiyə üçün xeyli seçim imkanı yaradır. Proqram ödənişli və ödənişsiz parkinq yerləri, su, elektrik şarj məntəqələri və karavan üçün lazım olan digər xidmətləri tapmağa imkan verir. Azərbaycanda bu nəqliyyat növünə maraq az olduğundan proqram yalnız bir məntəqə göstərir. O da Su İdman Sarayının parkinqi. Lakin burada da hansısa turistin maneəsiz istirahət etməsinə inanmıram.
Karavan Azərbaycanda niyə bahadır?
Bir neçə karavan modeli olsa da, 3 forması geniş yayılıb. Türkiyədə bu nəqliyyat növünün qoşqulu, motokaravan, pikap karavan, avtobus karavan və yük maşınlarının bazasında yığılan karavan növlərini yollarda görmək mümkündür. Azərbaycanda karavanların qiyməti minimal olaraq 100 min manatdan başlayır. Yeni karavanlar isə 170 min manata təklif olunur.
Zavod istehsalı karavandan fərqli olaraq bəzi insanlar yük furqonlarını alaraq karavana çevirirlər. Türkiyədə motokaravan adı verilən bu nəqliyyat növü ucuz başa gəldiyinə görə maraq da çoxdur.
20-30 min manatlıq furqon model yük avtomobili almaq kifayətdir ki, Gürcüstan, oradan Trabzona keçməklə bu maşınları karavana çevirmək mümkün olsun. Hazırlanması üçün minimum 21 gün vaxt lazımdır və işlədilən materialların keyfiyyətindən asılı olaraq qiymət 12 min manatdan başlayır.
Beləliklə Bakıda 100 min manata satılan karavanı 50 min manata əldə etmək mümkün olur. Bununla yanaşı Almaniya və digər ölkələrdən də sifarişlə gətirmək mümkündür. Lakin istehsal ili 10 ildən köhnə avtomobillər ölkəyə gətirilmədiyindən bu qiymət də ortalama 60 min manatdan başlayır.
Azərbaycanda karavanlara tələbat niyə azdır?
Nə qədər qəribə səslənsə də bir vaxtlar Qafqazda karavan sayı ən çox Azərbaycanda olub. Göygöl və Şəmkir rayonlarına hər il demək olar ki, Almaniyadan xeyli sayda karavanı olan turistlər üz tuturdu. Quru sərhədlərinin bağlanması ilə artıq bu mənzərəni görmək mümkün deyil.
Hətta bəzi turistlər Azərbaycan gələrkən karavanlarını burada sataraq gediblər. Bu rayonlarda köhnə model alman karavanlarına rast gəlinir. Bununla belə qoşqu karavanları digərlərinə nisbətən çoxdur. Ümumlikdə sayı heç 50-yə çatmır. Karavanın az olmasının əsas səbəb qiymətin baha olması və kamp alanlarının olmamasıdır.
Karavanın su tutumu az olduğundan maksimum bir məkanda 2 gün gecələmək mümkündür. Üstəlik karavanda cihazlar nə qədər günəş paneli ilə işləsə də, elektrik enerjisinə də ehtiyac olur. Məhz buna görə, Türkiyə karavanlar üçün bələdiyyə və özəl park məkanları təşkil etdi.
Xəzər dənizi sahillərində yerləşdirilən bir neçə karavanın qiymətini maraqlandıq. Mövsümündə bu kravanların qiyməti 150-200 manat arası dəyişir. Sürməmək, yerini dəyişməmək və yalnız gecələmək şərtilə. Müqayisə üçün ötən il Türkiyədə karavan icarəsi 90 manatdan başlayaraq dəyişirdi. “B” sürücülük vəsiqəsi kifayət edir ki, Türkiyənin bütün turistik ərazilərini ən minimal xərclə gəzmək mümkün olsun.
Elmin Bayramlı - Operativ Media



