Azərbaycanda yumurta bahalaşacaq? - AÇIQLAMA
Kütləvi informasiya vasitələrində Rusiyada yumurta qıtlığının yaranması ilə bağlı xəbərlər yayılıb. Rusiyada rəsmi qurumlar bildiriblər ki, ölkənin yumurta təminatını Azərbaycan və Türkiyə vasitəsilə ödəyəcəklər.
Həmin açıqlama sosial şəbəkələrdə Azərbaycanda yumurtanın bahalaşacağı iddialarının yayılmasına gətirib çıxarıb.
Mövzu ilə bağlı “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli "Operativ Media"ya açıqlama verib. O bildirib ki, artıq dünəndən Rusiyaya yumurta ixracı başlayıb:
"Hazırda Rusiyaya həm Giləzi, həm də Hacıqabul quşçuluqdan yumurta ixrac edilir. Beş il idi Rusiyaya müraciət edirdik ki, yumurtanı rahat ixrac edə bilməyimiz üçün bizi reyestra salsınlar, onlar bunu etmirdilər. Amma son 20 gündə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselkhoznadzor) rəhbəri Bakıya gələndə bizim 6 müəssisəni reyestrə saldılar. Bunlar Hacıqabul, Giləzi, Muğan, Ləzzət, Pirsaat və Yaşma quşçuluqlardır. Hal-hazırda bizim günlük tələbatımız 3 milyon 200 - 3 milyon 600 civarındadır. Günlük istehsalımız isə 4 milyon 600-ün üzərindədir və 4 milyon 900-dək qalxır. Bundan başqa biz 10-a yaxın Yaxın Şərq ölkəsinə də ixrac edirik. Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Əfqanıstan və digər ölkələr bura aiddir".
Mürvət Həsənlinin sözlərinə görə, Rusiyanın tam təlabatını olmasa da, müəyyən bir qismini Azərbaycan qarşılaya bilər.
"Mən düşünürəm, bu, yerli bazara problem yaratmayacaq. Ona görə ki, Assosiasiya üzvləri yaxın gələcəkdə istehsalı 15-20 faiz də artıracaqlar. Hazırda 130 faizin üzərində istehsalımız var, yəqin ki, 150-160 faizə qaldırıb onların da tələb və istəklərini yerinə yetirə biləcəyik. Ölkədə yumurtanın qiymətinin qalxma ehtimalı yoxdur, çünki kifayət qədər yem bazası var. Yemin qiymətləri də hazırda keçən ilə nisbətən ucuzdur və istehsal olunan yumurtada reabilitallıq var, bu səbəbdən bundan sonra qiymətlərin qalxacağına inanmıram"-deyə o qeyd edib.