http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Qurban Qurbanov: "Bizim əsas motivasiyamız komandamızın adı olan "Qarabağ"dır"

28 Fevral 2024 , 16:06
Qurban Qurbanov: "Bizim əsas motivasiyamız komandamızın adı olan "Qarabağ"dır"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Anadolu" dövlət agentliyinə müsahibə verib.

"Operativ Media" xəbər verir ki, 52 yaşlı mütəxəssis Ağdam klubunda postuna təyinat aldığı ilk dönəmdə çətin günlərdən keçdiklərini, amma hər şeyin öhdəsindən gəldiklərini bildirib.

O qeyd edib ki, komandaya gələrkən "Qarabağ" klubunun prezidenti Abdolbari Gözəl ona "Mən Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm" sözlərini söyləyib. Q.Qurbanov "Bu, bir azərbaycanlı olaraq mənim üçün böyük motivasiya oldu. Fəaliyyətimizə bu motivasiya ilə başladıq. İlk ilimdə çempionluq əldə etməsək də, Azərbaycan Kubokunu qazandıq. Avropa Liqasında da təsnifat mərhələsinin pley-offuna qədər getdik. Bu, həmin dönəm üçün böyük uğur idi".

O, Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazandıqlarından sonra Prezident İlham Əliyevin ona zəng vuraraq təbrik etdiyini, bunun onda yüksək motivasiya yaratdığını söyləyib (söhbət "Qarabağ"ın 2009-cu ildə 3-cü mərhələdə Finlandiya "Honka"sını keçib pley-offa yüksəldiyi oyundan gedir).

"Qarabağ" adının azərbaycanlılar üçün böyük önəm daşıdığını xatırladaq Q.Qurbanov "Bu adı yaşatmaq üçün klub rəhbərliyi ilə birlikdə yaxşı işlər həyata keçirdik və çox şükür ki, nəticələrini bu gün görürük. Məsuliyyətlə və ürəkdən çalışırıq", - deyib.

Təcrübəli baş məşqçi komandanın əcnəbi futbolçulara da Qarabağ adının önəmini anlatdıqlarını qeyd edib: "Bizim əsas motivasiyamız komandamızın adı olan "Qarabağ"dır. İkinci Qarabağ müharibəsindəki zəfərimizdən sonra legionerlərimiz bu adın vacibliyini daha yaxşı anladılar".

Q.Qurbanov Azərbaycan Kubokunun 1/8 finalında MOİK ilə bir zamanlar işğalçı rejimin paytaxt olaraq gördüyü Xankəndidə keçirilən oyunu xatırlayıb: "Bu, çox böyük gün idi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da qarşılaşmanı izlədilər. Şəhid övladları da orada idilər. Unudulmaz gün oldu".

O, Xankəndidəki matçın işğaldan azad olunan bölgələrdə keçiriləcək oyunların başlanğıcı olduğunu bildirib: "Ağdamda da stadion inşa ediləcək. Komandamız yekunda ora dönəcək".

Baş məşqçi "Qarabağ" komandasına Türkiyədən də böyük maraq olduğunu bildirib: "Mən bir azərbaycanlı, türk oğlu olaraq onlara (türk xalqına) təşəkkür edirəm. Biz həqiqətən qardaşıq və hər zaman bir-birimizin yanında olmuşuq. Həm sevincimizdə, həm də kədərli günlərimizdə. Türk xalqına böyük hörmətim və inamım var. Bizi öz komandaları olaraq görürlər. Səfər oyunlarımızda çoxsaylı türk azarkeşlər bizi dəstəkləyir".

Q.Qurbanov Avropa Liqasının 1/8 finalında Almaniya təmsilçisi "Bayer" ilə keçirəcəkləri görüşlərə toxunub. Güclü rəqiblər qarşılaşacaqlarını deyən mütəxəssis bu komandanı tanıdıqlarını xatırladıb: "Qrup mərhələsində üz-üzə gəldik, hər iki oyunda da uduzduq. Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsinin bizdə futbolun sevilməsinə böyük faydası dəyəcək. Güclü rəqib olsa da, biz məmnunuq. Yenə böyuk komandaya qarşı oynayacağıq. Futbolçularımız yenindən o böyük futbolu, sürəti və dinamikanı hiss edəcək. Azarkeşlər də oyundan zövq alacaqlar. Uduza bilərik, ancaq meydanı mübarizə aparmadan tərk etməyəcəyik".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Krivotsyuk oynadı, komandası məğlub oldu

Krivotsyuk oynadı, komandası məğlub oldu

XƏBƏR LENTİ
  • 23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • 22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • 21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • 21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • 21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • 21:04

    İranda 5 günlük matəm elan olunub
  • 20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
  • 19:57

    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
Menyu