Almaniya AÇ-2024-də rekorda imza atdı
Almaniya ev sahibliyi etdiyi 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) ardıcıl 2 qələbə qazanıb.
"Operativ Media" xəbər verir ki, AÇ-2024-ün A qrupunda Almaniya və Macarıstan yığmaları Ştutqart Arenada üz-üzə gəlib. Meydan sahibləri 22-ci dəqiqədə Camal Musiala və 67-ci dəqiqədə İlkay Gündoğanın vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.
Qrupun ilk oyununda Şotlandiyanı 5:1 hesabı ilə məğlub edən Almaniya Macarıstan maneəsini də keçərək xallarını 6-ya yüksəldib. Almaniya bu nəticə ilə qrupda bir matç qalaraq son 16 tura yüksəlməyi bacarıb.
İlk oyununda İsveçrəyə 3:1 hesabı ilə uduzan Macarıstan Almaniyaya da uduzaraq AÇ-2024-də hələ ki, xal qazana bilməyib.
Almaniya millisinin Avropa çempionatları tarixində qrup mərhələsində ən çox qol vurduğu turnir AÇ-2024-dür.
AÇ-2020-də qrup yarışlarında 6 qol vuraraq öz rekordunu yeniləyən Almaniya ev sahibliyi etdiyi bu turnirdə iki matçda 7 qol vurub.
Açılış matçında Şotlandiyanı 5:1 hesabı ilə məğlub edən Almaniya ikinci görüşdə 2:0 hesabı ilə qalib gəlib.