"Meşə yanğınlarının 90 faizi insanlar tərəfindən törədilir” - Ekoloq
Dünyanın bir çox ölkəsində, eləcə də qardaş Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları davam edir. Azərbaycanda meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Azərbaycanda əvvəlki illərdə bir neçə meşə yanğını baş verib.
Bəs ölkəmizdə meşə yanğınları baş verə bilərmi, bu yanğınlarının səbəbi nədir?
Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov sözlərinə görə, meşə yanğınları əsasən insanların səhvinə görə baş verir.
“Statistika göstərir ki, meşə yanğınlarının 90 faizi insanlar tərəfindən törədilir. Siqaret, gecələmə yerlərində və piknikdə qalanan ocaqlar, zibillərin yandırılması yanğına səbəb olur. Bunların hamısı insanlardan qaynaqlanan səbəblərdir. Əlbəttə, digər səbəblər də var. Şüşə butulkaların günəş şüalları təsrindən və kəskin istilərə görə də meşə yanğınları baş verə bilər.
Meşə yanğınları ilin isti fəsillərində baş verir. Çünki, ilin soyuq fəsillərində torpaq yaş olur, quru ot olmur. Yay aylarında isə meşələrdə xeyli sayda quru otlar olur. Eyni zamanda meşələrdə insanlar daha çox vaxt keçirir”.
Ekoloq meşələrdə siqaret çəkməyin və tonqal qalamağın qadağan edilməsini təklif edib:
“Meşə yanğınları zamanı tək torpağın üst qatı zərər görmür. Ümumiyyətlə bəzi meşələrdə tonqal qalamaq və siqarət çəkmək tamamilə qadağan olunmalıdır. Yalnız bu halda yanğınların qarşısı alına bilər. Azərbaycan ərazisindəki meşələr yanğına meyillidir. Çünki, yay fəslində meşələrimizdə xeyli sayda quru otlara rast gəlinir. Artıq avqust ayının sonlarına doğru otlaq qurumuğa başlayır. Buna görə də adi bir qığılcım kifayət olur ki, yanğın hadisəsi baş versin. Ona görə də, hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalıdır”.
Məsələ ilə bağlı "Operativ Media"ya danışan əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, meşələrdə yanğınsöndürən maşınların maye götürməsi üçün su mənbələr əlçatan və maneəsiz olmalıdır:
“İsti aylarla əlaqədar meşə yanğınlarının sayı kəskin artıb. Bu yanğınlar ekologiyaya və ətraf mühitə çox ciddi zərbə vurur. Meşə yanğınlarının baş verməsinin əsas səbəblərindən biri insan səhlənkarlığıdır. Meşədə bir kibrit belə qarşısı alınmaz yanğına səbəb ola bilər. Meşə sahələrində söndürülməmiş kibritin, siqaretin və tonqalın qalması, eyni zamanda meşələrdə ağac kömürü istehsal etmək üçün, xüsusi oçaqxanaların təşkili qadağan olunub.
Meşədə sürtkü yağı, benzin, ağ neft və digər yanacaq növlərinin istifadəsi yolverilməzdir. Bu ərazilərdə ilkin yanğınsöndürmə vasitələri və yanğınsöndürən maşınların maye götürməsi üçün su mənbələri əlçatan və maneəsiz olmalıdır. Meşələrdə insanların yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirilməsi üçün lövfələrə quraşdırılmalıdır. Meşədə yanğın təhlükəsizliyini pozan vətəndaş cinayət məsuliyyəti daşıyır. Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur”.
Qeyd edək ki, Türkiyənin meşə yanğınları baş verən bütün bölgələrində alovla mübarizə davam edir. Ölkənin bütün qurumlarının aidiyyəti orqanları hadisə bölgələrinə səfərbər olunub. Dünən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə göndərilib.

