Menyu

Siniflərdə şagird sıxlığını azaltmaq üçün nə etmək olar? - Ekspert danışır

Ayşən Sadıxzadə
Siniflərdə şagird sıxlığını azaltmaq üçün nə etmək olar? - Ekspert danışır
1 dəq oxu

Siniflərdə şagird sayının çox olması tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Problemin həlli yollarından biri şagird sayı çox olan siniflərdə müəllim köməkçilərindən istifadə etməkdir.

Bu barədə təhsil eksperti Ramin Nurəliyev Operativ Media-ya açıqılamasında bildirib.


Onun sözlərinə görə, sinifdə şagird sayı normadan artıq olduqda müəllim bütün şagirdlərlə fərdi şəkildə məşğul olmaqda çətinlik çəkir. Bu, dərs vaxtının düzgün bölüşdürülməsinə və mövzuların mənimsənilməsinə təsir edir.

Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə 18-24 şagird olan siniflər ideal göstərici kimi qəbul edilir. 24-32 şagird olan siniflər orta standartlara yaxın hesab olunur, 32-dən çox şagirdin olduğu siniflər isə arzuolunmaz kateqoriyaya aid edilir.

“Azərbaycanda da sinifdə şagird sayı 30-u keçdikdə müəllimlər müəyyən çətinliklərlə üzləşirlər. Xüsusilə dəqiq fənlərin tədrisi zamanı bu problemlər daha da artır və müəllimin mövzunu şagirdlərə ətraflı izah etməsinə mane olur”, – deyə R.Nurəliyev bildirib.

Onun fikrincə, şagird sayı çox olan siniflərdə müəllim köməkçilərinin fəaliyyətindən istifadə etmək mümkündür. Bu şəxslər ev tapşırıqlarının yoxlanılması, əvvəlki mövzuların təkrarlanması, yeni mövzuların möhkəmləndirilməsi və şagirdlərin biliklərinin yoxlanılması prosesində müəllimə dəstək göstərə bilərlər.

Ekspert hesab edir ki, ixtisasını yeni bitirmiş, magistratura təhsili alan və ya müəllimlərin işə qəbulu imtahanında müəyyən nəticə göstərsə də, işə qəbul olunmamış kadrlardan bu məqsədlə istifadə etmək olar. Beləliklə, müəllimin iş yükü azalar və şagirdlərə fərdi yanaşmaq üçün əlavə imkan yaranar.

R.Nurəliyev vurğulayıb ki, əsas həll yolu sinifilərdə şagird sayının azaldılması və zəruri hallarda yeni siniflərin açılmasıdır. Lakin bəzi məktəblərdə sinif otaqlarının və uyğun müəllimlərin çatışmazlığı buna mane ola bilər.

“Əgər mövcud şəraitdə yeni sinif açmaq və şagirdləri iki sinfə bölmək mümkün deyilsə, alternativ həll yolu kimi müəllim köməkçilərindən istifadə etmək olar. Düşünürəm ki, bu yanaşma həm müəllimlərin işini müəyyən qədər yüngülləşdirər, həm də şagirdlərin dərs prosesində daha çox diqqət görməsinə və tədrisin keyfiyyətinin yaxşılaşmasına kömək edər”, – deyə ekspert əlavə edib.

Əlaqəli Xəbərlər