Menyu

"Azərbaycanda istehlakçılar almadıqları mallara görə ildə 500 milyon manat ödəyirlər" - AİB sədri

Nərmin Qocamanlı
"Azərbaycanda istehlakçılar almadıqları mallara görə ildə 500 milyon manat ödəyirlər" - AİB sədri

Bayramqabağı ölkə üzrə bir çox məhsulun qiymətlərində qeyri-adi artımların müşahidə olunması, alıcıların narazılığına səbəb olub. Xüsusilə, təzə meyvə-tərəvəz, ət və digər gündəlik tələbat məhsullarının qiymətlərinin süni şəkildə yüksəlməsi, bazarda qiymət balansının pozulmasına gətirib çıxarıb. Bu vəziyyət, hökumət və müvafiq qurumların bazar nəzarətini gücləndirməsi tələbini gündəmə gətirir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Operativ Media"ya bildirib ki, suni qiymət artımı Azərbaycanda illərdir mövcuddur:


""Azərbaycanda süni qiymət artımı illərdir mövcuddur. Mən hesab edirəm ki, bunun əsas səbəbi qanunvericilikdədir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub və ondan sonra qanunda edilən dəyişikliklər əsasən istehlakçıların zərərinə olub. Qanunu yerinə yetirməyə cavabdeh orqan olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Nəzarəti Dövlət Xidməti isə bu sahədə praktik olaraq heç bir fəaliyyət göstərməyib".

O, bildirib ki, bu günlərdə tez-tez qarşılaşdığımız neqativ hallardan biri də marketlərdə məhsulun qiymətinin piştaxtada ucuz, kassada isə baha olmasıdır: 

"İstehlakçılar diqqətli olmasa, çox hallarda aldanırlar. Son zamanlar belə bir vətəndaş şikayəti də daxil olub. Vətəndaş marketlərin birindən 0.86 qəpiyə badımcan alıb, amma kassada onun əvəzinə 36 manatlıq eqzotik meyvənin qiymətini vurublar. Əgər vətəndaş diqqət etməsəydi, həmin qiymətə məhsulu almış olacaqdı".

Eyyub Hüseynov qeyd edib  ki, Azərbaycan istehlakçıları, hətta almadıqları mallara görə ildə 500 milyon manat ödəyirlər:

"Buna görə də istehlakçılar daha diqqətli olmalı, öz hüquqlarını bilməli və qorumağa çalışmalıdırlar".

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Nəzarəti Dövlət Xidmətindən "Operativ Media"ya bildirildi ki, Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların (işlərin, xidmətlərin) qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir:

"Məcmu tələbin və ya təklifin mövsümi faktorlar səbəbindən artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir. Bəzi mövsümlərdə müəyyən məhsulların istehsal edilməsi mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmi kəskin dəyişir. Mövsümi faktorlardan biri kimi bayram ərəfəsində istehlak bazarında yaranan vəziyyəti nümunə gətirmək olar. Belə ki, bayramöncəsi adətən istehlakçıların iqtisadi davranışlarında müəyyən dəyişikliklər müşahidə edilir və müxtəlif sosial-iqtisadi səbəblərə görə bəzi məhsullara olan tələb həcmi dəyişə bilir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra adətən istehlak bazarında qiymətlərdə azalma qeydə alınır.

Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var. 

Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi monitorinqlər aparılır və nəzarət tədbirləri həyata keçirilir. Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər rəqabət qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə qanunamüvafiq tədbirlər görülür.

İstehlakçılar və sahibkarlar rəqabət qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər".

Teqlər:

"\"Az\u0259rbaycanda istehlak\u00e7\u0131lar almad\u0131qlar\u0131 mallara g\u00f6r\u0259 ild\u0259 500 milyon manat \u00f6d\u0259yirl\u0259r\" - A\u0130B s\u0259dri"

Əlaqəli Xəbərlər