Menyu

Azərbaycanın süni intellekt strategiyası nələr vəd edir?

Azərbaycanın süni intellekt strategiyası nələr vəd edir?

Xəbər veriyimiz kimi, Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlənib.

Bəs Azərbaycanın süni intellekt strategiyası nələr vəd edir? 

Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, yaxın gələcəkdə süni intellektin tətbiq sahələri daha da genişlənəcək: “Artıq ölkəmizdə də bu istiqamətdə ciddi addımlar atılıb. Süni intellektlə bağlı dövlət proqramı qəbul olunub. Azərbaycan dünyada baş verən qlobal çağırışlara indidən adekvat reaksiya verir və texnoloji inkişafla ayaqlaşmağa çalışır.

Bununla yanaşı, ölkəmizdə insan amili və insan kapitalı hər zaman prioritet hesab olunub Bu baxımdan hesab edirəm ki, gələcəkdə süni intellektin geniş şəkildə tətbiqi təbii və zəruri olacaq. Lakin bu proses insan faktorunun kölgədə qalması demək deyil. Əksinə Azərbaycanda insan kapitalının qorunması və inkişafı daim əsas prinsip olaraq qalacaq.

Gələcəkdə süni intellekt daha çox o sahələrdə tətbiq olunacaq ki, orada insan əməyinin əvəzlənməsi effektivlik və operativlik baxımından faydalıdır. Lakin insan faktorunun əsas rol oynadığı sahələrdə yenə də insan kapitalına üstünlük veriləcək. Yəni süni intellekt insanların iş yerindən kənarlaşdırılmasına deyil, onların işini asanlaşdıran və dəstəkləyən texnologiya kimi tətbiq olunacaq. Bunun üçün də ölkəmizdə bütün zəruri tədbirlər həyata keçiriləcək.

Bu gün kompüter texnologiyalarının imkanları kifayət qədər genişdir. Artıq mühasibatlıq, bank əməliyyatları və digər sahələrdə süni intellekt tətbiq olunmağa başlayıb. Bu texnologiya proqram təminatçısı kimi çıxış edərək bir çox sahədə prosesləri avtomatlaşdırır və sadələşdirir. Bu da iqtisadiyyata əhəmiyyətli dərəcədə dəstək verir.

Süni intellekt iqtisadiyyat üçün yeni bir təkandır. Məhz buna görə də gələcəkdə süni intellektin tətbiq sahəsi daha da genişlənməlidir. Bu texnologiyanın düzgün və balanslı şəkildə tətbiqi ölkəmizin texnoloji və iqtisadi inkişafına böyük  
töhfə verəcək”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Fərid Kazımov isə bildirib ki, süni intellekt hazırda "süni beyin" kimi fəaliyyət göstərmir: “O sadəcə mövcud məlumatların təhlili əsasında nəticə çıxarır və qərar verir. Yəni süni intellekt əslində insan kimi düşünmür, sadəcə ona təqdim olunanları emal edir. Məsələn “ChatGPT” kimi proqramlar cavab verərkən tez-tez "bu cavablar məlum məlumatlara əsaslanır" deyə bildirir. Bu da onu göstərir ki, cavablar əvvəlcədən toplanmış məlumatların analizi nəticəsində yaranır.

Süni intellektin əsas üstünlüyü insanın saatlarla görəcəyi işi çox qısa müddətdə, dəfələrlə daha sürətli şəkildə yerinə yetirə bilməsidir. Bu baxımdan süni intellektin tətbiqi insan əməyinin azaldılması, qərarların daha düzgün və operativ verilməsi üçün olduqca effektiv vasitədir. Azərbaycanda da bu texnologiyadan müxtəlif sahələrdə istifadə edilməsi böyük imkanlar vəd edir”.

Ekspert süni intellekti sadəcə qərarvermədə yardımçı alət kimi qəbul etməli olduğumuzu bildirib:.

“Lakin süni intellektin mənfi tərəfləri də var. Bəzən verdiyi cavablar yanlış ola bilər. Süni intellekt qərarlarını yalnız son məlumata əsaslanaraq verir. Əgər sistemdə yeni və ya aktual informasiya yoxdursa, o zaman süni intellektin verdiyi qərar da qeyri-dəqiq ola bilər.

Artıq bir sıra qərb ölkələrdə süni intellektdən məhkəmələrdə belə istifadə olunur. Vəkillərin süni intellektə etibar edərək yanlış məlumatları məhkəməyə təqdim etməsi ciddi problemlərə yol açıb. Bu da göstərir ki, hələlik süni intellekt hər şeyi həll edən bir texnologiya deyil. Ola bilsin ki, gələcəkdə təkmilləşdirilmiş versiyalar bu problemləri aradan qaldırsın. Hazırkı mərhələdə isə süni intellekti sadəcə qərarvermədə yardımçı alət kimi qəbul etməliyik.

Süni intellektin tətbiq oluna biləcəyi maraqlı sahələrdən biri də şəhər nəqliyyatıdır. Bakının əsas problemlərindən biri olan tıxaclarla bağlı məsələdə süni intelkketdən istifadə mümkündür. Məsələn, kameralar vasitəsilə tıxac olan yollar barədə məlumatlar toplanaraq mərkəzi serverə ötürülə və süni intellekt bu məlumatları təhlil edərək daha operativ qərarlar verə bilər”.


Ekspert gələcəkdə süni intelektin ixtisaslara necə təsir edəcəyindən də danışıb:

“Əmək bazarına və dövlət idarəçiliyinə gəlincə süni intellekt düzgün məlumat bazasına əsaslanaraq daha obyektiv qərarlar qəbul etmək üçün əvəzolunmaz vasitəyə çevrilə bilər. Amma onu da unutmamalıyıq ki, bütün qərarları süni intellektə həvalə etmək doğru deyil. Süni intellekt sadəcə qərarvermə prosesində seçim variantları təqdim edə bilər son qərarı isə insan özü verməlidir.

Bu sahədə maraqlı bir nümunə də mövcuddur.  Xarici ölkələrin birində kadrların idarə olunması ilə bağlı qərarı süni intellekt verib. Süni intellekt işçini işdən kənarlaşdırıb. Rəhbərlik bu qərardan xəbərsiz olub. Sistem işçilər arasında bir nəfəri ən zəif hesab edərək adını sistemdən silib. Halbuki bu qərar rəhbərliklə müzakirə olunmayıb. Bu da onu göstərir ki, süni intellektin tam şəkildə idarəçiliyi əvəz etməsi düzgün deyil.

Süni intellekt artıq aşağı və orta səviyyəli proqramçıların işini əvəz etməyə başlayıb. Sadəcə tapşırıq verərək müəyyən proqramları hazırlamaq mümkündür. Ona görə də gələcəkdə yalnız yüksək ixtisaslı mütəxəssislər işlə təmin olunacaq. Bu isə birbaşa olaraq əmək bazarına təsir edəcək.

Süni intellekt getdikcə daha çox sahəni əhatə edir. Bu bir tərəfdən həyatımızı asanlaşdırsa da, digər tərəfdən bir çox ixtisasların sıradan çıxmasına səbəb ola bilər. Bu artıq qlobal bir reallıqdır və Azərbaycana da təsirsiz ötüşməyəcək.

Bu səbəbdən gənclər gələcək peşələrini seçərkən bu texnoloji dəyişiklikləri nəzərə almalı, ixtisas seçimlərini süni intellektlə uyğunlaşdırmalıdırlar. Çünki artıq hər şey dəyişmək üzrədir və gələcəyin peşələri məhz süni intellekt texnologiyası ilə bağlı olacaq”.

mediad%C4%B1in.jpg


Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi mövzusunun təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.

Gülcahan Məmmədova

Teqlər:

"Az\u0259rbaycan\u0131n s\u00fcni intellekt strategiyas\u0131 n\u0259l\u0259r v\u0259d edir?"

Əlaqəli Xəbərlər