Tərtər rayon sakini telefonla aldadılaraq 15.580 manat vəsaitini itirib.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Hadisə fırıldaqçının bank əməkdaşı kimi təqdim olunaraq vətəndaşa “kartınıza müdaxilə olub” bəhanəsi ilə zəng etməsi nəticəsində baş verib.
Zərərçəkmişə Gürcüstan nömrəsindən zəng edən şəxs, guya hesabındakı vəsaitin qorunması üçün mobil telefona gələn təsdiq kodunu təqdim etməsini istəyib.
Həmin kodu təqdim edən vətəndaş, bununla bilmədən hesabındakı pulu fırıldaqçının idarəsinə ötürüb.
Vətəndaşlara bir daha xəbərdarlıq edilir ki, bank və ya digər rəsmi qurumlar heç vaxt telefonla kart məlumatlarınızı, SMS-lə gələn təsdiq kodlarını istəmir.
Bu kimi hallarda dərhal əlaqəni kəsin və nömrəni bloklayın.






