Avropada yeraltı anbarlara qaz tədarükü rekord həddə çatıb

Əsəd Abbaslı
Avropada yeraltı anbarlara qaz tədarükü rekord həddə çatıb
Aprel ayında vurulan qazın ümumi həcmi son üç ilin rekord göstəricisini yeniləyib.

Avropada yeraltı anbarlara qazın vurulma sürəti 2024-cü ilin avqust ayından bəri ən yüksək həddə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat verib.

Bildirilir ki, aprel ayında vurulan qazın ümumi həcmi son üç ilin rekord göstəricisini yeniləyib.

Bununla belə, hazırda yeraltı anbarlardakı ehtiyatlar ötən illə müqayisədə 40% aşağıdır.
Aprelin 21-də Avropa İttifaqı (Aİ) ölkələrində yeraltı anbarlara sutkada 332 milyon kubmetr qaz vurulub. Günlük seçim isə 22 milyon kubmetrə yüksəlib. Apreldə qaz vurulması ötən illə müqayisədə 1% artıb, çıxarılma isə 12% azalıb.

Ötən istilik mövsümündə yüksək qaz sərfiyyatı səbəbindən anbarlardakı ehtiyatların ümumi həcmi aprel ayı üçün son dövrlərdəki ən aşağı yeddinci göstəriciyə – 40,8 milyard kubmetr – düşüb. Hazırda Avropanın yeraltı qaz anbarları ötən ilki 62,25%-lik doluluqla müqayisədə cəmi 37,32% doludur. Bu göstərici son beş ilin orta səviyyəsindən də 10,49 faiz bəndi aşağıdır.

Avropa Komissiyası hər il noyabrın 1-nə qədər qaz anbarlarının ən azı 90% dolu olmasını tələb edir. Hesablamalara görə, bu hədəfə çatmaq üçün qarşıdan gələn dövrdə Avropa ən azı 61 milyard kubmetr xalis qaz vurmalıdır.

Bu, bir il əvvəlki göstəricidən 50% çoxdur və tarixi rekord səviyyələrdən biridir.

Avropada 151 gün davam edən istilik mövsümü martın 28-də başa çatıb. Bu müddətdə Aİ ölkələri yeraltı anbarlardan 74 milyard kubmetrdən çox qaz çıxarıb, xalis çıxarılma isə 69 milyard kubmetr təşkil edib. İstilik dövrünün sonunda çıxarılan qazın həcmi ötən ilə nisbətən 44%, xalis göstərici isə 54% azalıb.

Elektrik enerjisi istehsalında külək enerjisinin payı mart ayında 17%, apreldə isə 15% olub. Qazın orta alış qiyməti mart ayında min kubmetr üçün 467 dollar, apreldə isə 416 dollara yaxın qeydə alınıb.

Ötən istilik mövsümündə Avropa 63 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib ki, bu da tarixdə üçüncü ən yüksək göstəricidir. Daha çox həcmdə LNG yalnız əvvəlki iki qış mövsümündə idxal olunmuşdu.

Aprel ayında LNG idxalı martdakı rekord göstəriciləri də geridə qoyub. Yenidən qazlaşdırma gücləri hazırda 60%-lik yüklənmə ilə işləyir. Aprel ayı üzrə LNG idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 22% artıb
.

Digər xəbərlər