Menyu

Qış mövsümündə evlərdə enerji sərfiyyatını necə azaltmaq olar?

Ayşən Sadıxzadə
Qış mövsümündə evlərdə enerji sərfiyyatını necə azaltmaq olar?
2 dəq oxu

Qış aylarında havaların soyuması ilə evlərdə istilik və elektrik enerjisinə tələbat artır. Bu isə ailələrin kommunal xərclərinin yüksəlməsinə səbəb olur. Xüsusilə istilik itkilərinin qarşısının alınması, isitmə sistemlərinin düzgün tənzimlənməsi və məişət cihazlarından səmərəli istifadə enerji sərfiyyatını azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bəs qış mövsümündə evlərdə enerjiyə necə qənaət etmək və kommunal xərcləri azaltmaq mümkündür?

Bu barədə Operativ Media-ya Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli danışıb.

O bildirib ki, qış mövsümündə evlərdə enerji sərfiyyatını azaltmağın ən effektiv yolu istilik itkilərini minimuma endirmək və elektrik cihazlarından səmərəli istifadə etməkdir. Azərbaycanda xüsusilə fərdi evlərdə qazla isitmə, mənzillərdə isə elektrik qızdırıcıları və kondisionerlər üzrə düzgün seçim ailə büdcəsinə ciddi təsir edə bilər:

“Evlərdə enerji sərfiyyatını azaltmaq üçün ilk növbədə pəncərə və qapıların kipliyi yoxlanılmalıdır. Pəncərələrdən və qapıların kənarlarından soyuq hava daxil olursa, xüsusi rezin izolyasiya lentləri ilə bu boşluqları bağlamaq mümkündür. Bu, otağın daha uzun müddət isti qalmasına kömək edir. İmkan daxilində damın, çöl divarlarının və döşəmənin istilik izolyasiyası da gücləndirilməlidir. İsitmə sisteminin düzgün tənzimlənməsi də vacibdir. 

Otaqların temperaturunu həddindən artıq yüksəltmək əvəzinə, yaşayış sahələrində təxminən 19–21°C temperatur saxlamaq çox vaxt kifayət edir. Termostat vasitəsilə temperaturun idarə olunması, evdə heç kim olmadıqda istiliyin azaldılması enerji sərfiyyatını aşağı sala bilər. Ümumən, termostatın temperaturunu 1°C azaltmaq isitmə enerjisinə təxminən 5–10 faiz qənaət edə bilər, lakin nəticə binanın izolyasiyasından və isitmə sistemindən asılıdır. Radiatorların qarşısını mebel və qalın pərdələrlə bağlamaq olmaz. Bu, istiliyin otağa yayılmasını çətinləşdirir. 

Radiatorların havası çıxarılmalı, istilik sistemi mütəmadi yoxlanılmalıdır. Günəşli saatlarda pərdələri açmaq, axşam isə bağlamaq da istiliyin qorunmasına kömək edir. Elektrik enerjisinə qənaət üçün LED lampalardan istifadə etmək, işləməyən cihazları gözləmə rejimində saxlamamaq, paltaryuyan maşını tam yüklə və uyğun temperaturda işlətmək məqsədəuyğundur. Elektrikli qızdırıcıları uzun müddət yüksək gücdə işlətmək əvəzinə, otağın ölçüsünə uyğun cihaz seçmək lazımdır. İstilik nasosu funksiyalı kondisionerlər əlverişli şəraitdə adi elektrik qızdırıcılarından daha az elektrik sərf edə bilər. Qazla isitmə zamanı kombinin temperaturunu evin istilik ehtiyacına uyğun tənzimləmək, cihazı vaxtında texniki baxışdan keçirmək və tüstü bacasının təhlükəsizliyini yoxlatdırmaq lazımdır. Qaz sobası ilə otağı isitmək olmaz, çünki bu, dəm qazından zəhərlənmə riski yaradır. Su və isti su sərfiyyatına da diqqət yetirmək lazımdır. İsti su borularının izolyasiyası, sızmaların aradan qaldırılması və suyun lazımsız yerə axıdılmaması həm suya, həm də onun qızdırılmasına sərf olunan enerjiyə qənaət edir. Ən vacib məqam budur ki, enerji qənaəti evdə sağlamlıq üçün zəruri temperaturu aşağı salmaq hesabına əldə edilməməlidir. Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün otağın həddindənķ artıq soyumasına yol vermək olmaz. Qənaətin əsas yolu istiliyi qorumaq, sistemi düzgün idarə etmək və lazımsız enerji sərfiyyatını aradan qaldırmaqdır”.

Əlaqəli Xəbərlər