
Mədəniyyət Nazirliyi Xalq rəssamı Rafiz İsmayılovun vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.
Bu barədə Operativ Media-ya nazirlikdən bildirilib.
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino xadimi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov 30 aprel 2025-ci il tarixində, ömrünün 86-cı ilində vəfat edib.
Rafiz Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb.
1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət başlayan R.İsmayılov eyni zamanda Azərbaycan Dövlət Akademik Dram Teatrında, Opera və Balet Teatrında bir sıra tamaşaların quruluşçu rəssamı olub”, - nazirlikdən bildirilib.
Qeyd olunur ki, ömrünü kino rəssamlığına həsr edən sənətkar müxtəlif illərdə lentə alınmış “Oxuyur Müslüm Maqomayev” (film-konsert), “1001-ci qastrol”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Mezozoy əhvalatı”, “Dantenin yubileyi”, “Evin kişisi”, “Qəribə adam”, “Qara gölün cəngavərləri”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Fəryad”, “Təhminə”, “Küçələrə su səpmişəm”, “Cavad xan”, “Sübhün səfiri” və s. filmlərə bədii tərtibat verib. O, həmçinin bir neçə animasiya filminin də quruluşçu rəssamıdır:
“Sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. 1982-ci ildə “Əməkdar rəssam”, 2000-ci ildə “Xalq rəssamı” fəxri adlarına, “Sevinc buxtası” filminə görə isə Dövlət mükafatına (1978) layiq görülüb.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq rəssamı Rafiz İsmayılovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”.
22:25
Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.
Bu barədə Operativ Media-ya Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
O uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, R.İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur.
R.İsmayılov həmçinin bir neçə kitabin da tərtibatçı rəssamı olub.
Allah rəhmət eləsin.