
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev “Reklam haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Operativ Media yeni dəyişikliyin izahını təqdim edir:
Rəqəmsal platformalardakı (sosial media) reklamlar nəzarətə alınır
İnternet saytlarında, mobil tətbiqlərdə və sosial şəbəkələrdə yerləşdirilən reklamlar artıq rəsmi şəkildə “Reklam haqqında” qanuna daxil edilir. Əgər bu reklamlar Azərbaycandakı insanlara ünvanlanıbsa, qanun həmin reklamlara da şamil olunacaq.
Yeni anlayış: Rəqəmsal platforma təsirçisi (influencerlər, blogerlər və.s)
Bu, sosial şəbəkələrdə və ya digər onlayn platformalarda pul qarşılığında məhsul və ya xidmətləri reklam edən şəxslərə verilən rəsmi addır. Artıq həmin şəxslər təsirçilər adlanacaq və onlar:
-
Reklam subyekti kimi tanınacaq;
-
Onlara qanunla müəyyən edilmiş hüquq, vəzifə və məsuliyyətlər tətbiq olunacaq.
Təsirçilərin reklamlarına dair yeni qaydalar
Rəqəmsal təsirçilər:
-
Reklam etdikləri paylaşımlarda bunu açıq şəkildə qeyd etməlidirlər (məsələn: “reklam”, “sponsorluq”, “tərəfdaşlıq”).
-
Reklamı kim üçün etdiklərini (yəni, reklamvericini) göstərməlidirlər.
-
Yalan məlumat verə bilməzlər. Məsələn, istifadə etmədikləri məhsulu istifadə edirmiş kimi təqdim edə və ya saxta profillərlə reklam apara bilməzlər.
Lisenziya və sertifikat tələbi olan məhsullar
Lisenziya və ya sertifikat tələb edən məhsullar (məsələn, dərmanlar) yalnız bu sənədlər olduqda reklam oluna bilər. Həmin reklamda:
-
Sənədin nömrəsi, tarixi və verən qurum göstərilməlidir.
-
Əgər bu məlumatı reklama yerləşdirmək mümkün deyilsə, bu barədə istehlakçıya məlumat verilməli və o, həmin sənədlərlə tanış ola bilməlidir.
Dərman və tibb vasitələrinin reklamı
Təsirçi dərman və tibbi məhsulları reklam edərkən, reklamverici ona bu məhsulun reklam üçün lazım olan sənədlərini təqdim etməlidir.
Alkoqollu içkilərlə bağlı qadağa
Tərkibində 5%-dən çox alkoqol olan içkilərin rəqəmsal platformalarda təsirçilər tərəfindən reklamı tamamilə qadağandır.
Dəyişikliklərin məqsədi
Bu dəyişikliklər əsasən:
-
İstehlakçıların hüquqlarını qorumaq,
-
Onlayn reklamları şəffaf və dürüst etmək,
-
Dövlət nəzarətini gücləndirmək məqsədi daşıyır.