Azər Bağırov "Kəpəz"dən ayrılmasının səbəblərini açıqladı
Əziz Əzizli
Baş məşqçi Azər Bağırov "Kəpəz" klubundan ayrılmasının səbəblərini açıqlayıb.
Operativ Media xəbər verir ki, Azər Bağırov bu haqda "CBC Sport" telekanalında yayımlanan "Start" verilişində danışıb.
Bağırov bildirib ki, eyni şərtlərlə davam etmək onun üçün artıq çətin idi və bu vəziyyət zəhmətinin dəyərləndirilmədiyi təəssüratını yaradırdı:
"Eyni şərtlərlə davam etmək artıq bir az adamı üzür. Bu, sənin əziyyətinə qiymət verilməməsi kimi qəbul olunur. Mənim də müəyyən tələblərim var idi. Elementar bir nümunə deyim, bu gün hər kəsin yaşam limiti var. Köməkçilərimin maaşlarının həmin limitin aşağısında olması məni narahat edirdi. Sözümü dedikdən sonra bu, müsbət qarşılanmadı və yollarımız ayrıldı".
Təcrübəli mütəxəssis qərarının arxasında durduğunu və yerli məşqçilərə daha çox diqqət göstərilməsinin vacibliyini vurğulayıb:
"Bu gün düşünürəm ki, doğru addım atmışam. Çünki hesab edirəm ki, hər bir şəxs, xüsusən də məşqçi özünə qiymət verməyi bacarmalıdır. Təəssüf ki, Azərbaycanda yerli məşqçilərə kifayət qədər diqqət yetirilmir. Düşünürəm ki, bu vəziyyəti arxada qoymalıyıq. Çempionatımızda ilk üçlükdə qərarlaşan komandaların baş məşqçiləri yerli mütəxəssislərdir. Biz çox şeyi bacarırıq, sadəcə daha çox diqqətə ehtiyacımız var."
Qeyd edək ki, Azər Bağırov "Kəpəz" klubu ilə son oyununda "Turan Tovuz"a 0-4 hesabı ilə məğlub olub.