Menyu

Qurban Qurbanov: "Final görüşləri bayram kimi olur"

Əziz Əzizli
Qurban Qurbanov: "Final görüşləri bayram kimi olur"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun finalında “Sabah”a qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Operativ Media xəbər verir ki, Qurban Qurbanov yaxşı oyun göstərməyə çalışacaqlarını və bu oyununun xüsusi önəm daşıdığını bildirib:

 “Hamı üçün çox vacib oyundur. Ən azından final görüşləri elədir ki, bütün klubların azarkeşləri bir yerə toplanır. Bayram kimi olur. Bizim azarkeşlər bizə azarkeşlik edəcək. Neytral azarkeşlər yaxşı futbola baxmağa gələcəklər. Komanda olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərək. Kubok da əlavə prestijdir. Çempion olmuşuq, amma istərdik ki, finalda yaxşı oyun göstərib, yaxşı nəticə əldə edək".

Qurbanov rəqib komanda “Sabah” haqda da müsbət fikirlər bildirib:

“Sabah” yaxşı komandadır. Son vaxtlar çox iddialıdır, gələcək üçün çox böyük işlər görür. Çempionatda 5-ci yerdə olsalar da, bəlkə bu yerə layiq deyildilər. Potensialına və fərdi oyunçularına görə daha yuxarıda olmağa layiq idilər. Vasili Berezutski də demişdi ki, kubokda iddialıdırlar, bura kökləniblər. Çox möhkəm kollektivə qarşı oynayacağıq. Belə komandalara qarşı, belə final oyunları oynamaq xoşdur. Klub və futbolçular belə oyunlarda inkişaf edir. Hər iki komandaya uğurlar arzulayıram. Çalışacağıq ki, yaxşı oyun olsun. Xeyirlisi olsun".

Mətbuat konfransında Qurban Qurbanov “Sabah”la oyunlarda çətinlik yaşamalarının səbəblərinə də toxunub:

“Bizə qarşı oyunlarda müdafiədə çox səliqəli oynayırlar. Çox diqqətli olurlar. Fərdi keyfiyyətləri olan futbolçular çətinlik yaşadırlar. Bu gün liderik, çempionatın qalibi olmuşuq. Hər zaman bütün komandalar liderə qarşı daha istəkli olurlar. Özümüz də bunu keçmişik. Əvvəllər liderlərə qarşı oynayanda, indi avrokuboklarda daha böyük komandaya qarşı oynayanda, istər-istəməz motivasiyamız daha yuxarı olur, məsuliyyətimiz daha çox olur. “Sabah” 5-ci yerdə oldu, amma bu yerə layiq deyillər, daha çoxuna layiq idilər. Bizimlə çox fərqi olmayan komandadır".

Final qarşılaşmasının keçiriləcəyi məkan – Sumqayıt stadionu haqda isə bunları deyib:

“Sumqayıtda meydança yaxşıdır. Orada futbola böyük maraq olur. Bizim oyunlarımızda həmişə stadion dolu olub. 7-8 min azarkeşi görürük. Futbolçular üçün də orada oynamaq xoş olacaq".

Penaltilərlə bağlı suala isə baş məşqçi belə cavab verib:

 “Çox da ciddi yox. Hər bir halda, özləri bilmədən də şərait yaradırıq ki, hər futbolçu 1-2 penalti yerinə yetirsin".

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 31-də baş tutacaq.

Teqlər:

"Qurban Qurbanov: \"Final g\u00f6r\u00fc\u015fl\u0259ri bayram kimi olur\""

Əlaqəli Xəbərlər