Menyu

Azərbaycan millisinin qapıçısı: "Kumirim "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegendir"

Əziz Əzizli
Azərbaycan millisinin qapıçısı: "Kumirim "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegendir"

Türkiyənin “Fatih Vətən” klubunda legioner həyatı yaşayan, Azərbaycan millisinin qapıçısı Nərgiz Əliyeva AFFA-nın Mətbuat Xidmətinə müsahibə verib.

Operativ Media xəbər verir ki, o, Litva ilə oyunda işinin öhdəsindən gələcəyinə inandığını bildirib.

– Millətlər Liqasının qrup mərhələsində son oyununuzu Litvaya qarşı keçirəcəksiniz. Bu matçdan nə gözləmək olar?

– Litva ilə matçda yalnız qələbə qazanmaq barədə düşünürük. Komanda olaraq sadəcə buna köklənmişik. Tək düşüncəmiz 3 xal qazanmaqdır.

– Həlledici görüş olduğundan, maraq böyükdür. Bu amil komandaya əlavə motivasiya verir, yoxsa psixoloji cəhətdən mənfi təsir göstərir?

– Bəli, qrupda sonuncu oyunumuzu keçirəcəyik. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu matça da yüksək motivasiya ilə hazırlaşırıq. Fikrimcə, psixoloji cəhətdən heç bir mənfi təsiri yoxdur.

– Son oyunlar öncəsi Monteneqro cüzi üstünlüyə malikdir. Qrupda əvvəlki matçlara nəzər yetirdikdə, hansı nəticə sizi daha çox məyus etdi?

– Bizi məyus edən nəticə Monteneqro ilə səfər matçı oldu. Qələbəyə çox yaxın idik, lakin son dəqiqələrdə qol buraxdıq. Bu da 2 xal itirməyimizə səbəb oldu.

– Həmin görüşdə qələbəni son anda əldən versəniz də, ardıcıl qurtarışlarla hər kəsin rəğbətini qazandınız. Bu özünəinam haradan qaynaqlanırdı?

– Düşünürəm ki, işimi sevərək gördüyüm və çox istəkli olduğum üçün özünəinamlı idim. Bütün oyunlarda bu cür çıxış edərək komandama xeyir vermək istəyirəm.

– Litva ilə matçda çox qol vurmaqla yanaşı, qol buraxmamaq da önəmli olacaq. Özünüzü buna hazır sayırsınız?

– Əlbəttə ki, qol buraxmamaq vacibdir. Amma bu futboldur, bəzən qol vurursan, bəzən buraxırsan. O ki qaldı mənə, özümü tam hazır hiss edirəm.

– Adətən futbola yeni gələn uşaqlar qol vurmaq arzusunda olurlar. Siz necə oldu ki, qapıçı mövqeyini seçdiniz?

– Qaçmaq mənə çətin gəldiyi üçün qapıçı olmağı seçdim (gülür). Amma indi qapıda dayanmağın daha çətin olduğunu deyə bilərəm. Çünki qolkiper böyük məsuliyyət daşıyır.

– Yəqin ki, dünya futbolunu izləyirsiniz. Uşaqlıq kumiriniz kimdir?

– Bəli, izləyirəm. Bir çoxları kimi, mənim də kumirim var. Bu, “Barselona” klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegendir.

– Hazırda Türkiyədə legioner həyatı yaşayırsınız. Klub karyeranızla bağlı ən böyük hədəfiniz nədir?

– Konkret ad çəkməkdə çətinlik çəkirəm. Amma hədəfim ən yaxşı klublardan birində oynamaqdır.

– Bəs milli ilə bağlı ən böyük arzunuz nədir?

– Hər bir azərbaycanlı kimi, mənim də arzum milli formanı layiqincə geyinmək, uzun illər bu komandanın şərəfini qorumaq və yaxşı iz buraxmaqdır.

Teqlər:

"Az\u0259rbaycan millisinin qap\u0131\u00e7\u0131s\u0131: \"Kumirim \"Barselona\"n\u0131n qap\u0131\u00e7\u0131s\u0131 Mark-Andre ter \u015etegendir\""

Əlaqəli Xəbərlər