30 May 2025, 10:33
Azərbaycan millisinin müdafiəçisi: “Mümkün qədər böyük hesabla qalib gəlməliyik”
Azərbaycan millisinin müdafiəçisi: “Mümkün qədər böyük hesabla qalib gəlməliyik” şəkil
Azərbaycan millisinin müdafiəçisi: “Mümkün qədər böyük hesabla qalib gəlməliyik”

Rusiyanın "Zenit" klubunun və Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

Operativ Media xəbər verir ki, o, Bakıdakı matçda da Litvanın qapısına qol vurmaq istədiyini bildirib.

– Qrup mərhələsində son oyununuzu evdə Litva yığmasına qarşı keçirəcəksiniz. Bu matç sizin üçün nə dərəcədə önəm kəsb edir?

– Litva ilə görüş bizim üçün çox vacibdir. Mümkün qədər böyük hesabla qalib gəlməliyik. Qrupda birinci yeri tutmaq üçün maksimum sayda qol vurmağa çalışacağıq. Özümə və komandamıza güvənirəm. Bunu bacaracaq gücümüz var.

– Qrup qalibini Litva ilə oyunlar müəyyənləşdirəcək. Kimin birincilik şansı daha çoxdur: Azərbaycan, yoxsa Monteneqro millisinin?

– Monteneqro güclü komandadır. Yüksək səviyyədə çıxış etməyi bacaran kollektivə sahibdirlər. Əminəm ki, Litva ilə matçda qələbə qazanmağa çalışacaqlar. Amma bizi indi yalnız öz oyunumuz maraqlandırır. Hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

– İlk oyunda Litvanı məğlub etdiniz. Rəqibin hansı xüsusiyyətlərini vurğulaya bilərsiniz?

– Litva zəif komanda deyil. Aqressiv oynayırlar, meydanda nəsə etməyə çalışırlar. Ancaq bizim üstün cəhətlərimiz daha çoxdur. Komanda olaraq daha çox inkişaf etmişik. Bakıdakı görüşdə qələbə qazanacağımıza inanıram.

– Vilnüsdəki qarşılaşmada ikinci qolun müəllifi oldunuz. Bu dəfə komandaya daha çox qol lazım olacağını nəzərə alsaq, yenə fərqlənmək şansınızı necə görürsünüz?

– İlk növbədə deyim ki, Litvada 2:0 hesablı qələbə qazandığımız və qollardan birinin müəllifi olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq xoş hissdir. Əsas odur ki, komandama kömək etdim. Ümid edirəm ki, Bakıdakı matçda da belə bir şans yaranar və yenə qol vuraram.

– Yəqin ki, bu cür vacib oyunda azarkeş amili sizin üçün böyük əhəmiyyət kəsb edir. Azarkeşlərə çağırışınız nə olardı?

– Azarkeşlərin oyunlarımıza gəlmələri bizim üçün stimuldur. Belə olduqda daha da həvəslənir, ikiqat əzmlə qələbə qazanmağa çalışırıq. Qarşıdakı oyunda tribunaların dolmasını çox istərdim. Azarkeşlər bu vacib görüşdə komandanı tək qoymasınlar və biz də onları qələbə ilə sevindirək.

– Hələ cəmi 23 yaşınız var. Dünyanın hansı klubunda oynamaq istərdiniz?

– Hazırda karyeramı “Zenit”də davam etdirirəm. Gələcəkdə İngiltərə, İspaniya və Fransa kimi ölkələrin klublarında oynamaq istəyirəm.

Son xəbərlər
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığını genişləndirir - YENİLƏNİB
DYP yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan liderlərinin görüşü 1 saatdır davam edir
Latviyanın Kiyevə dəstək xərcləri 890 milyon avronu keçib
Azərbaycan nefti bahalaşıb
AMB-nin bu günə olan valyuta məzənnələri