30 May 2025, 11:48
Çövkən üzrə ilk Avropa Çempionatı Polşada keçiriləcək
Çövkən üzrə ilk Avropa Çempionatı Polşada keçiriləcək şəkil
Çövkən üzrə ilk Avropa Çempionatı Polşada keçiriləcək

3-7 iyun 2025-ci il tarixlərində Polşanın Szonowice şəhərində Beynəlxalq Çövkən Federasiyasının (BÇF) təşkilatçılığı ilə Çövkən idman növü üzrə tarixdə ilk dəfə Avropa çempionatı keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Çövkən Federasiyası məlumat yayıb.

Bu mötəbər yarışda Avropa qitəsini təmsil edən altı ölkənin – Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyənin milli komandaları iştirak edəcək.

Çempionat çərçivəsində, 4 iyun tarixində Beynəlxalq Çövkən Federasiyasının üçüncü Baş Assambleyası da baş tutacaq. Assambleya zamanı yeni üzvlərin qəbulu, növbəti kontinental yarışların tarixləri və keçirilmə məkanları, eləcə də federasiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılacaq.

Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyası tək illərdə kontinental çempionatlar, cüt illərdə isə dünya çempionatlarının təşkilini nəzərdə tutan uzunmüddətli yarış təqvimi formalaşdırıb. 2025-ci il ərzində Asiya, Cənubi Amerika, Afrika və Avropa çempionatlarının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Beynəlxalq Çövkən Federasiyası 2024-cü ilin fevral ayında 19 ölkənin iştirakı ilə Bakı şəhərində təsis edilmiş, nizamnaməsi təsdiq olunmuşdur. Elə həmin ilin iyun ayında keçirilən ikinci növbədənkənar Assambleya zamanı federasiyanın üzv ölkələrinin sayı 54-ə çatmışdır. 2024-cü ildə Azərbaycan paytaxtı Bakı şəhərində 10 ölkənin iştirakı ilə ilk Çövkən üzrə Dünya Çempionatı təşkil olunmuş və Azərbaycan komandası birinci yeri tutaraq ilk dünya çempionu adını qazanmışdır. Elə həmin Assambleyada qəbul edilmiş qərara əsasən, növbəti dünya çempionatı da 2026-cı ildə yenidən Bakıda keçiriləcək.

Çövkən Azərbaycan üçün təkcə idman növü deyil, həm də xalqın qədim mədəni irsinin daşıyıcısıdır. Bu baxımdan, 2013-cü ildə UNESCO tərəfindən “Təcili qorunması zəruri olan qeyri-maddi mədəni irs” siyahısına daxil edilməsi, çövkənin Azərbaycan xalqı üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Hazırda ölkəmizdə bu qədim atüstü oyunun dirçəldilməsi və beynəlxalq miqyasda təbliği istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir.

Son xəbərlər
BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır
Ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb