"Neftçi"də iclas keçirildi , Samir Abbasovla davam qərarı alındı

Bu həftə “Neftçi” PFK-da Müşahidə Şurasının nümayəndələri, baş məşqçi Samir Abasov, Baş İcraçı Direktor Cenk Sümer, həmçinin idman və maliyyə departamentlərinin iştirakı ilə mövsümün yekunlarına həsr olunmuş iclaslar keçirilib.
Operativ Media xəbər verir ki, iclaslarda klubun illik fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Baş İcraçı Direktor Cenk Sümer Müşahidə Şurasına klubun illik fəaliyyəti barədə hesabat təqdim edib. Həmçinin baş məşqçi, maliyyə direktoru və idman departamenti də öz hesabatları ilə çıxış ediblər.
Müşahidə Şurası komandanın cari mövsümdəki nəticələrindən ciddi narazılığını ifadə edərək, yekunları qəbuledilməz hesab edib. İclas zamanı seleksiya işlərindəki mövcud nöqsanlar da diqqətə çatdırılıb və bu sahədəki problemlər ətraflı müzakirə olunub.
Bununla belə, Müşahidə Şurası baş məşqçi Samir Abasova tam dəstək verdiyini bəyan edib. Klubun digər şöbələrinə Samir Abasovun komanda quruculuğu ilə bağlı planlarına uyğun transfer strategiyasının həyata keçirilməsi üçün zəruri dəstəyin göstərilməsi tapşırılıb.
Baş məşqçinin qarşısında “Neftçi”nin adına layiq, güclü və yüksək hədəflər uğrunda mübarizə aparacaq komandanın qurulması və bu istiqamətdə qısa müddətdə ilk addımların atılması əsas tələb kimi qoyulub. Müşahidə Şurası bu məqsədə çatmaq yolunda Samir Abasova hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulayıb.
Eyni zamanda baş məşqçi, Baş İcraçı Direktor və idman departamentinə tapşırılıb ki, komanda quruculuğu prosesi hazırda davam edən və klubun büdcəsinin müəyyən hissəsini əhatə edən genişmiqyaslı infrastruktur layihələrinə mənfi təsir göstərməsin.