İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına dair şərhində bildirilib:
"İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.
Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər".