Menyu

Zəfərlə yazılan diplomatiya tariximiz - ŞƏRH

Nərmin Qocamanlı
Zəfərlə yazılan diplomatiya tariximiz - ŞƏRH

9 iyul – Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.

Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 106-cı ildönümü qeyd olunur. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunması ilə milli diplomatiyanın təməli qoyulmuşdur. Məhz bu tarixi hadisəyə əsasən, Prezident İlham Əliyev 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə 9 iyul tarixini diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis etmişdir.

Azərbaycan diplomatiyası müstəqilliyin ilk illərindən etibarən mühüm uğurlara imza atmış, Paris Sülh Konfransında iştirakı və Antanta dövlətləri tərəfindən tanınması ilə beynəlxalq hüquq subyekti kimi qəbul olunmuşdur. Cəmi 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət dövründə Bakıda 16 ölkənin diplomatik nümayəndəliyi mövcud idi.

1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra milli diplomatik xidmət yenidən formalaşmış və Azərbaycan dünya siyasətində fəal iştirak edən dövlətə çevrilmişdir. Ölkəmiz BMT, ATƏT, İƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində beynəlxalq sülh, təhlükəsizlik və inkişaf sahələrinə töhfə verməkdədir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi (2011–2013), Qoşulmama Hərəkatına sədrliyi (2019-dan etibarən) və COP29-a ev sahibliyi etməsi (2024) diplomatik nailiyyətlərin bariz göstəricisidir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Operativ Media-ya bildirib ki, müstəqil Azərbaycan Respublikasının xarici siyasət strategiyası dövlətçiliyimizin inkişafı və beynəlxalq arenada təmsilçilik baxımından böyük əhəmiyyət daşıyır:

"Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən və milli maraqlara əsaslanan xarici siyasət xətti ölkəmizin beynəlxalq mövqeyinin güclənməsində və Vətən müharibəsində zəfərimizin təminatında mühüm baza rol oynayıb.

Prezident İlham Əliyevin məharətli diplomatiyası sayəsində Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. Zəfərdən sonra ölkəmiz beynəlxalq platformalarda sülhə və sabitliyə xidmət edən yeni mövzuların yer aldığı gündəmlə təmsil olunur. ECO-nun Xankəndidə keçirilən zirvə görüşü, Türk Dövlətləri Təşkilatının cari ilin payızında Azərbaycanda planlaşdırılan sammiti və gələn il ölkəmizdə baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının 16-cı sammiti Azərbaycanın diplomatik mövqeyinin güclənməsinin və nüfuzunun artmasının göstəriciləridir".

"Hazırda xarici siyasət kursumuzu məşğul edən əsas prioritet məsələ Ermənistanla sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişinin imzalanmasıdır. Bu mənada sabah Əbu-Dabi şəhərində baş tutacaq görüş də bu istiqamətdə prosesin irəlilədilməsinə xidmət edir", - deputat qeyd edib.
 

Milli Məclisin deputat Tahir Rzayev bu əlamətdar tarixlə bağlı öz fikirlərini Operativ Media ilə bölüşüb.

Deputat bildirib ki, bu tarix zəngin və mühüm hadisələrlə yadda qalıb:

“Bu illər göstərmişdir ki, Azərbaycan diplomatları öz işlərini layiqincə yerinə yetirirlər. Son illərdə Azərbaycan diplomatiyası tanınan və hörmət edilən sahəyə çevrilmişdir. Cənab İlham Əliyevin təşəbbüsü ilə bu sahə sülhün və əmin-amanlığın yaradılmasına xidmət edir.”

Tahir Rzayev həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan diplomatlarının mühüm rolu olub:

“Onlar beynəlxalq aləmdə Azərbaycanı yüksək səviyyədə təmsil edərək, həqiqətləri bəşəriyyətə çatdırmağa nail olmuşdular. Bu bir daha sübut etdi ki, sülh yaratmadan ölkədə inkişafa nail olmaq mümkün deyildir.”

Deputat vurğulayıb ki, bu gün Azərbaycan diplomatiyasının uğurları birbaşa Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir:

"Ən böyük diplomat İlham Əliyevdir. O, bütün səyləri ortaya qoyaraq öz məqsədini həyata keçirməyə qadirdir."

Sonda Tahir Rzayev diplomatik xidmətin yaradılmasının 106 illiyi münasibətilə bütün diplomatları səmimi qəlbdən təbrik edib.

mediad%C4%B1in.jpg
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti üzrə hazırlanıb.

Şəfa Hüseynli

Teqlər:

"Z\u0259f\u0259rl\u0259 yaz\u0131lan diplomatiya tariximiz - \u015e\u018fRH"

Əlaqəli Xəbərlər